Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Novruz Məmmədov nazirləri topladı
Fevralın 28-də Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin növbəti iclası keçirilib.
Bu barədə AZƏRTAC məlumat yayıb.
İclasın gündəliyinə “İcbari tibbi sığortanın tətbiqi üzrə pilot layihənin icrasının yekunları və qarşıda duran vəzifələr”, “Vergi və gömrük güzəştlərinin səmərəliliyinin qiymətləndirilməsi və vergilər sahəsində şəffaflığın təmin edilməsi, vergi mədəniyyətinin formalaşdırılması, real vergi potensialının müəyyən edilməsi və münbit vergi mühitinin yaradılması istiqamətində qarşıya çıxan problemlər” və “Təbii, iqlim və digər xüsusiyyətləri nəzərə alınmaqla, iqtisadi rayonların kənd təsərrüfatı məhsullarının istehsalı üzrə ixtisaslaşdırılması məsələləri” ilə bağlı mövzular daxil edilib.
Gündəlikdəki birinci məsələ barədə danışan Baş nazir Novruz Məmmədov qeyd edib ki, son illər ölkəmizdə bütün istiqamətlərdə olduğu kimi, səhiyyə sahəsində də geniş islahatlar aparılıb. Bu islahatların mühüm istiqamətlərindən biri də icbari tibbi sığortanın tətbiqi üzrə görülən işlərdir. Əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsində icbari tibbi sığortanın tətbiqinin xüsusi əhəmiyyət daşıdığını bildirən Novruz Məmmədov deyib ki, bununla bağlı artıq qanunvericilik bazası da yaradılıb. Azərbaycan Respublikasının Prezidentinin müvafiq fərmanları ilə Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqi pilot layihə olaraq həyata keçirilməkdədir.
Novruz Məmmədov Azərbaycan Respublikasının Prezidentinin vergi və gömrük sahələrində şəffaflığın təmin edilməsi və səmərəliliyin artırılması, eləcə də iqtisadi rayonların kənd təsərrüfatı məhsullarının istehsalı üzrə ixtisaslaşdırılması barədə qarşıya qoyduğu vəzifələrin icrası istiqamətində hökumətin gördüyü işlər və qarşıda duran vəzifələrlə bağlı məlumat verib.
Sonra gündəlikdəki məsələlərə dair İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevin, vergilər naziri Mikayıl Cabbarovun, kənd təsərrüfatı naziri İnam Kərimovun məruzələri dinlənilib.