Ermənistanın müdafiə naziri Seyran Ohanyan hesab edir ki, Bakı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində hərbi ritorikadan uzaqlaşmayıb.
“Düşünmürəm ki, onlar hərbi ritorikadan əl çəkiblər. Məqamı gələndə Azərbaycan münaqişənin müharibə yolu ilə həlli taktikasına əl atacaq” – Ermənistanın müdafiə naziri Seyran Ohanyan mayın 9-da İrəvanda jurnalistlərlə görüşdə bildirib, REGNUM İA xəbər verir.
Erməni nazir hesab edir ki, Bakı hərbi əməliyyatların bərpasına hazırlaşır.
“Düşünürəm ki, hazırda Bakı çox ciddi şəkildə hərbi əməliyyatlara hazırlaşır. Biz isə öz növbəmizdə vətənimizi qorumağa ciddi hazırlaşırıq. Hərbi əməliyyatlar başladığı təqdirdə torpaqlarımızın hər bir qarışını müdafiə edəcəyik. Erməni ordusunun yüksək döyüş qabiliyyəti səviyyəsi təkcə hərbçilərin hazırlığı deyil, həm də bütün Qarabağ müharibəsindən keçmiş təcrübəli zabit heyətinin olmasından irəli gəlir. Məhz təcrübəli zabit heyəti və hazırlanmış sıravi əsgərlərin vəhdəti zəruri nəticə verir” – deyə, Ohanyan qeyd edib.
REGNUM İA-nın müxbirinin sualını cavablandıran erməni nazir bildirib ki, onlarda Azərbaycan qoşunlarının hazırlanan hücumu barədə dəqiq informasiya olarsa, erməni tərəfi qabaqlayıcı zərbə endirə bilər:
“Heç nəyi istisna etmək olmaz, çünki erməni silahlı birləşmələri həm qabaqlayıcı, həm də yalnız müdafiə xarakterli əməliyyatlara hazırdır”.
Exo
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin