“Azərbaycanda hələ də yerli icra hakimiyyəti orqanlarında mafioz qruplar “at oynatmaq” istəyirlər”.
Bunu Oxu.Az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Biləsuvarın icra başçısı Mahir Quliyevin həbsinə münasibət bildirərkən deyib.
O qeyd edib ki, bəzi icra başçıları dövlətin apardığı islahatlara kölgə salırlar.
“Cənab Prezident İlham Əliyev dəfələrlə deyib ki, məmur xalqın xidmətçisi olmalıdır. Amma Mahir Quliyev və onun kimi digər həbs olunan icra başçıları xalqın xidmətçisi yox, qənimi olublar”, - deyə H.Hacıyev bildirib.
Partiya sədri qeyd edib ki, Ağstafanın, Yevlaxın, Neftçalanın icra başçıları (Nizaməddin Quliyev, Qoca Səmədov və İsmayıl Vəliyev - red.) həbs edildikdən sonra digərləri bundan ibrət götürmədilər:
“Biləsuvarın icra başçısı Mahir Quliyevin tutulması yerində atılan addım idi. Görün, nə qədər vicdansız insandır ki, xalqın haqqı olan pulu mənimsəyir. Xalq arasında Mahir Quliyev və onun kimi icra başçılarına dərin nifrət var”.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mahir Quliyevin saxlanılması ilə bağlı məlumat yayıb.
Məlumatda deyilir ki, Biləsuvarın icra başçısı Mahir Quliyevin birinci müavini Xanlar Məmmədov vasitəsilə xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar maddi yardıma ehtiyacı olan şəxslərə sosial yardım üçün ayrılan vəsaitin bir qismini hissə-hissə mənimsəməsi, habelə icra hakimiyyətinin sərəncamında olan digər vəsaitlərdən sosial yardım adı altında ayıraraq bir hissəsinin ona verilməsini tapşırmasına dair əsaslı şübhələr müəyyən olunub.
Bundan başqa, Mahir Quliyevin köməkçisi Pöhran Şahbazov və tabeliyində olan başqa vəzifəli şəxslər vasitəsilə yerli icra hakimiyyəti və digər dövlət orqanlarının vəzifəli şəxslərindən, rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlardan müxtəlif adlar altında özünün pul vəsaitləri tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib.
Həmçinin, dövlət qayğısı ilə əhatə olunmuş işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün əməkhaqqı kartlarına köçürülən məbləğlərin Mahir Quliyev tərəfindən ələ keçirilməsinə dair məlumatlar əldə edilib.
Eyni zamanda, Mahir Quliyev tərəfindən təmir-tikinti, abadlıq işlərinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin nağdlaşdırılaraq mənimsənildiyinə, vətəndaşlardan müxtəlif təyinatlı tikintilərin aparılması üçün zəruri olan sənədləşmə işləri və digər əsaslarla, ümumilikdə, təkrarən rüşvət tələb edilərək alınmasına əsaslı şübhələr müəyyənləşib.
Bu məqsədlə aprelin 29-da DTX Biləsuvar rayon İcra Hakimiyyətində əməliyyat keçirib.
Mahir Quliyevin xidməti otağında növbəti dəfə rüşvət almasından sonra məhkəmənin qərarı əsasında keçirilmiş baxış zamanı həmin pul vəsaitləri, müxtəlif sənədlər və digər maddi sübutlar aşkar edilərək götürülüb.
Mahir Quliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, təkrar rüşvət alma, mənimsəmə faktlarına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyətə cəlb edilib. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Aqşin Kərimov