Nikol Paşinyan 2024-cü ildə Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası prosesinin başlanmasını "uğur hekayəsi" adlandırıb.
Oxu.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, dövlət başçısı qatıldığı tədbirlərdən birində diqqət çəkən açıqlamalar verib.
O bildirib ki, ötən il Azərbaycanla Ermənistan arasında delimitasiya komissiyalarının fəaliyyəti haqqında əsasnamə imzalanıb və hər iki ölkədə ratifikasiya olunub:
"Bu, mahiyyət etibarı ilə Azərbaycan və Ermənistan arasında imzalanmış və hər iki ölkədə de-yure qüvvədə olan ilk ikitərəfli beynəlxalq sənəddir. Əsasnamədə ən mühüm amil Almatı bəyannaməsinin iki ölkə arasında sərhədin delimitasiyası üçün fundamental prinsip kimi çıxış etməsidir. Bu, Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətlərin qurulmasında əsas dönüş nöqtəsidir. Hər iki ölkə Almatı bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü tanıyır. Bu fakt Azərbaycanla Ermənistan arasında sülh sazişində də öz əksini tapıb".