Moskvada “Parlamentskaya qazeta”nın mətbuat mərkəzində “Yeni Azərbaycan: uğurlar, çağırışlar, perpektivlər” adlı dəyirmi masa keçirilib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, “Parlamentskaya qazeta"nın mətbuat mərkəzində keçirilən tədbirdə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, Rusiya İctimai Palatasının Beynəlxalq əməkdaşlıq və ictimai diplomatiya komissiyasının sədri, politoloq Sergey Markov, Dövlət Dumasının deputatları Dmitri Savelyev və Mixail Nenaşev iştirak ediblər.
Dəyirmi masada çıxış edən səfir Polad Bülbüloğlu Rusiya-Azərbaycan münasibətlərindən danışıb. Səfirin sözlərinə görə, Rusiya ilə münasibətlər Azərbaycan üçün çox vacibdir:
“Azərbaycan-Rusiya münasibətləri xüsusi münasibətlərdir. Rusiya bizim ən böyük şimal qonşumuzdur. İki ölkə arasındakı münasibətlərdə Dağlıq Qarabağ münaqişəsindən başqa, heç bir problem yoxdur. Təbii ki, Rusiya bu problemlə bir başa bağlı deyil. Rusiya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçi ölkə kimi çıxış edir”.
Səfir Azərbaycanın müstəqil siyasət yürütdüyünü, beynəlxalq təşkilatlarda milli maraqlara uyğun addım atdığını bildirib.