"Dünyadakı bəzi fövqəl qüvvələrin "konfliktlə idarəetmə sistemi"nin Azərbaycan tərəfindən dağıdılması böyük zərbə idi".
Oxu.Az xəbər verir ki, bunu sabiq xarici işlər naziri Tofiq Zülfüqarov "Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır" mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı bildirib.
O deyib ki, illərlə bizə hərbi təcavüz edilməsinə, ərazimizdə insanlığa qarşı hərbi cinayətlər baş verməsinə baxmayaraq işğalçı heç bir təzyiqə məruz qalmırdı:
"Rusiya silah verməklə, Qərb isə onların fəaliyyətini bu və ya digər formada dəstəkləyirdi.
2020-ci ildə Azərbaycan beynəlxalq normalara uyğun olaraq işğalçıya cavab vermək hüququndan istifadə edib, daha sonra onun qalıqlarını ölkə ərazisindən rədd edib.
Zəngilan səfərində Prezident də bu məsələlərə toxunub.
Biz görürük ki, Azərbaycan suverenliyinə qarşı yaradılan sistem ərazilərimizdən yox edilib. 2020-ci ildə böyük oyunçular bizə qarşı müxtəlif planlar həyata keçirməyə çalışırdılar.
İstəyirdilər Ermənistanda qeyri-qanuni yaradılan quruma "münaqişə tərəfi" statusu verilsin ki, Azərbaycana qarşı fəaliyyəti davam etdirsin. Separatçılar bu adla Azərbaycana qarşı fəaliyyətini davam etdirmək istəyirdilər.
Prezident qələbə barəsində danışanda deyirdi ki, təkcə işğalı aradan qaldırmadıq, həm də onların arxasında dayanan böyük qüvvələrin planlarını dağıtdıq. "Konfliktlə idarəetmə sistemi"nin dağıdılması onlara böyük zərbə oldu. Bunların nəticəsində Azərbaycan öz suverenliyini bərpa etdi".