Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Prezident İlham Əliyev: "Azərbaycan qadınları hər zaman cəmiyyətimizin mənəvi dayağı olublar"
"Azərbaycan qadınları hər zaman cəmiyyətimizin mənəvi dayağı olmuş, daim ülvi amallarla yaşamışlar. Çoxəsrlik mədəni-mənəvi sərvətlərimizin günümüzədək layiqincə qorunub saxlanılmasında nəcib və gözəl analarımızın misilsiz xidməti vardır. Onlar öz güclü iradələri, vətənpərvərlik və fədakarlıqları ilə yurdumuzun mübarizə salnaməsində silinməz izlər qoymuşlar".
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrikində yer alıb.
Dövlətimizin başçısı, həmçinin qeyd edib: "Azərbaycan qadınlarının dünyanın bir sıra qabaqcıl ölkələrinin qadınlarından daha əvvəl seçib-seçilmək hüququ qazanmaları yeni dövr tariximizin əlamətdar faktlarındandır. Mədəniyyət, elm, təhsil və səhiyyənin ən müxtəlif istiqamətləri üzrə müsəlman Şərqinin qadınları arasında ilk addımları atmaları onların yüksək yaradıcı potensialının nəticəsidir. Təqdirəlayiq haldır ki, müasir gənc xanımlarımız bu ənənələrə ehtiram bəsləyir, nəsillərin mənəvi varisliyi prinsipini lazımınca qoruyur, öz maarifpərvər, ziyalı sələflərinin yolunu uğurla davam etdirirlər.
Ötən müddət ərzində milli dövlət quruculuğu prosesində yaxından iştirak edərək bütün sahələrdə əzmlə çalışan qadınlarımız Vətənimizin qüdrətinin artırılması, xalqımızın rifahının yüksəlməsi naminə dolğun və səmərəli fəaliyyət göstərmiş, sosial-iqtisadi və mədəni inkişafda mühüm nailiyyətlər əldə etmişlər".
Müqəddəs ailə dəyərlərimizə dərin sədaqət nümayiş etdirən qadınlarımızın ölkəmizin ictimai həyatında böyük nüfuza malik olduqlarını bildirən Prezident İlham Əliyev vurğulayıb: "Əminəm ki, onlar gənc nəslin Vətənə və milli ideallara bağlılıq ruhunda yetişməsi üçün bundan sonra da qüvvələrini əsirgəməyəcək, həmçinin ictimai-mənəvi mühitimizi yeni töhfələrlə zənginləşdirəcəklər".
"İlham Əliyev" teqi üzrə xəbərlər
- İlham Əliyev Türkiyəyə səfərindən görüntülər PAYLAŞDI
- Azərbaycan və Türkiyə prezidentlərinin səmimi GÖRÜNTÜLƏRİ
- Azərbaycan və Türkiyə prezidentləri Ankarada iftar süfrəsində iştirak ediblər
- Türkiyə prezidenti: "Türkiyə və Azərbaycan sülhün, sabitliyin, rifahın tərəfindədir"
- Ərdoğan: "İğdır-Naxçıvan təbii qaz boru kəməri Naxçıvan ilə ortaq taleyimizin bir nişanəsi olacaq"