Sentyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Malayziyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dato Roslan Tan Sri Abdul Rahmanın etimadnaməsini qəbul edib.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, səfir Dato Roslan Tan Sri Abdul Rahman fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Diplomat etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Səfir Malayziyanın XIV Ali Başçısının və Baş nazirinin salamlarını dövlətimizin başçısına çatdırdı.
Görüşdə Azərbaycan ilə Malayziya arasında ikitərəfli əlaqələrin genişləndirilməsinə qarşılıqlı marağın əhəmiyyəti qeyd edildi, bu əlaqələrin müxtəlif sahələrdə inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu bildirildi, ölkələrimizin BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində uğurlu əməkdaşlığının önəmi vurğulandı.
Söhbət zamanı əlaqələrin iqtisadi, enerji və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Prezident İlham Əliyev Malayziyanın XIV Ali Başçısının və Baş nazirinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Malayziya dövlətinin başçısına və Baş nazirinə çatdırmağı xahiş etdi.
Sonra İlham Əliyev sentyabrın 9-da Norveç Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Baard İvar Svendsenin etimadnaməsini qəbul edib.
Səfir Baard İvar Svendsen fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Baard İvar Svendsen etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Azərbaycan Respublikası ilə Norveç Krallığı arasında ikitərəfli əlaqələrin ümumilikdə razılıq doğurduğunu deyən Prezident İlham Əliyev səfir Baard İvar Svendsenin ölkəmizdəki diplomatik fəaliyyəti dövründə bu əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirdi. Prezident İlham Əliyev ölkələrimiz arasında energetika sahəsində uzunmüddətli əlaqələrin uğurla inkişaf etdiyini vurğulayaraq bu əməkdaşlığın qeyri-enerji sektorunda da dərinləşdirilməsi üçün qarşılıqlı marağın olduğunu dedi.
Səfir Baard İvar Svendsen ölkələrimiz arasında enerji sahəsində uzunmüddətli fəal əməkdaşlığın önəmini qeyd etdi. Norveçli diplomat Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ikitərəfli münasibətlərimizin genişləndirilməsi ilə bağlı səylərini əsirgəməyəcəyini vurğuladı.
Daha sonra, preziden Litva Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Valdas Lastauskasın etimadnaməsini qəbul edib.
Səfir Valdas Lastauskas fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Valdas Lastauskas etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Görüşdə Azərbaycan ilə Litva arasında ikitərəfli münasibətlərin inkişafından razılıq ifadə olundu, əlaqələrimizin möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmi qeyd edildi.
Söhbət zamanı əlaqələrimizin ikitərəfli və çoxtərəfli formatda genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirildi, ölkələrimiz arasında əməkdaşlığın siyasi, iqtisadi, beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı və NATO çərçivəsində daha da inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.