Avrasiya Yəhudi Konqresinin prezidenti Mixail Mirilaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Oxu.Az President.az-a istinadən həmin məktubun mətnini təqdim edir:
"Çox hörmətli cənab Prezident.
Avrasiya Yəhudi Konqresi adından və şəxsən öz adımdan Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm.
Bu bayram Azərbaycanın suverenliyinin, milli ləyaqətinin və ardıcıl inkişafının rəmzidir. Ölkəniz Sizin rəhbərliyinizlə beynəlxalq arenada mövqelərini inamla möhkəmləndirir, sabitlik, iqtisadi artım, eləcə də millətlərarası və dinlərarası həmrəylik prinsiplərinə sadiqliyini nümayiş etdirir.
Azərbaycanda formalaşmış qarşılıqlı hörmət və tolerantlıq mühitini, həmçinin yəhudi irsinin qorunmasına və ölkədəki yəhudi icmasının inkişafına göstərilən xüsusi diqqəti yüksək qiymətləndiririk. Bu ənənələr xalqlar arasında dinc birgəyaşayışın və qarşılıqlı anlaşmanın mühüm nümunəsidir.
Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə yeni uğurlar, dost Azərbaycan xalqına isə sülh, rifah və firavanlıq arzulayıram".
Hindistan Respublikasının Prezidenti Draupadi Murmu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Oxu.Az President.az-a istinadən həmin məktubun mətnini təqdim edir:
"Ölkənizin Müstəqillik Günü münasibətilə Zati-alinizə, Hökumətinizə və dost Azərbaycan xalqına Hindistan Hökuməti və xalqı adından, həmçinin şəxsən öz adımdan səmimi salamlarımı və təbriklərimi yetirirəm.
Hindistan və Azərbaycan arasında tarixi və mədəni əlaqələr mövcuddur. İnsanlar arasında təmaslarla yanaşı, iqtisadi və ticarət sahələrində əməkdaşlığımızın daha da genişləndirilməsi üçün yaxşı potensial var.
Sizə möhkəm cansağlığı və rifah, Azərbaycan xalqına tərəqqi və firavanlıq arzulayıram.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Yunanıstan Respublikasının Prezidenti Konstantinos Tasulas Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Oxu.Az President.az-a istinadən həmin məktubun mətnini təqdim edir:
"Azərbaycanın milli bayramı münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi, həmçinin sülh, tərəqqi və rifah arzularımı çatdırıram.
Yunanıstan Azərbaycanla illər ərzində çoxşaxəli tərəfdaşlığa çevrilmiş və davamlı şəkildə inkişaf edən ikitərəfli münasibətlərə xüsusi əhəmiyyət verir. Əminəm ki, beynəlxalq hüquqa, suverenlik və ərazi bütövlüyü prinsiplərinə tam hörmətlə yanaşılmaqla ikitərəfli münasibətlərimizi xalqlarımızın rifahı naminə daha da inkişaf etdirə və möhkəmləndirə bilərik.
Zati-aliləri, bir daha Sizə ən xoş arzularımı bildirir, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Bundan başqa, Yunanıstan Respublikasının Baş naziri Kiriakos Mitsotakis də dövlətimizin başçısını təbrik edib.
Təbrik məktubunda deyilir:
"Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.
Yunanıstan Azərbaycanla qarşılıqlı hörmətə, konstruktiv əməkdaşlığa əsaslanan güclü və dinamik tərəfdaşlığı yüksək qiymətləndirir. Enerji sahəsinin ikitərəfli münasibətlərimizin təməl daşı olmasına baxmayaraq, əməkdaşlığımızın davamlı şəkildə ümumi maraq doğuran yeni istiqamətlərdə genişlənməsini görməkdən məmnunam.
Biz beynəlxalq hüququ və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində təsbit olunmuş prinsipləri, o cümlədən suverenliyə və ərazi bütövlüyünə hörməti rəhbər tutaraq əlaqələrimizi daha da dərinləşdirməyə sadiqik. Azərbaycan xalqına davamlı sülh, firavanlıq və tərəqqi arzulayıram.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".