"Ərazilərimizi azad etdikdən dərhal sonra genişmiqyaslı bərpa və yenidənqurma proqramına başladıq. Bu gün artıq Qarabağda və Şərqi Zəngəzurda təxminən 90 min insan yaşayır, çalışır və təhsil alır. Müxtəlif infrastruktur və yaşayış layihələrinin həyata keçirilməsi üçün dövlət büdcəsindən 15 milyard ABŞ dollarından artıq vəsait ayrılıb. Bütün maliyyə mənbələri nəzərə alındıqda isə azad edilmiş ərazilərə yönəldilən ümumi investisiyaların həcmi 17 milyard ABŞ dollarına yaxındır".
Oxu.Az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində çıxışında səsləndirib.
"Hazırda genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir. Bunlara su anbarları, su kanalları, elektrik stansiyaları, artıq istifadəyə verilmiş beynəlxalq hava limanları, tunellər və körpülər daxildir. Azad edilmiş ərazilərin yenidən qurulması istiqamətində bizim səylərimizi dəstəklədiyinə görə İslam İnkişaf Bankı Qrupuna minnətdarıq. Bu gün bu məsələ hökumətimizin əsas prioritetlərindən biridir, lakin yeganə prioritet deyil", - deyə Prezident qeyd edib.