Prezident İlham Əliyevin sədrliyi ilə bu gün Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası çox əhəmiyyətli və müsbət hadisə kimi qiymətləndirirəm.

Bunu Oxu.Az-a açıqlamasında akademik, Milli Məclisin (MM) İqtisadi Siyasət, Sahibkarlıq və Sənaye komitəsinin sədri Ziyad Səmədzadə bildirib.
O, artıq illərdir ənənə halını alan bu iclasların ölkə iqtisadçıları, iqtisadiyyatla bağlı olan elm adamları üçün də böyük əhəmiyyət daşıdığını, onları da yaxından maraqlandırdığını deyib.

Komitə sədrinin sözlərinə görə, belə bir iclasın ölkənin enerji sistemində yaranmış vəziyyətdən, yəni, 3-4 iyul hadisələrindən, bu yöndə prezidentin məlum müşavirəsindən cəmi 4 gün sonra keçirilməsi də mühüm, yerinə düşən məqamlardan sayıla bilər.
Komitə sədri bildirib ki, ümumiyyətlə, son 6 ayın gedişatı, əldə olunan uğurlar, nəticələr onu deməyə əsas verir ki, Azərbaycanın dinamik, sürətli inkişafı bu dövrdə də davam etdirilib:
“Təsadüfi deyil ki, Ümumi Daxili Məhsul (ÜDM) 1,3 faiz təşkil edilib, infilyasiya birrəqəmli olub, 3 faiz olub. Ölkənin valyuta ehtiyatları artıb, 45 milyard dollara yaxınlaşıb və ilin sonuna qədər bir az da artması gözlənilir.
Ölkə iqtisadiyyatına qoyulan sərmayənin həcmi 6 milyard dollar olub. Qeyri-neft sektorunda 2 faizlik artıma nail olunub və bu onu göstərir ki, ölkədə iqtisadiyyatının neftdən asılılığına son qoyulması üçün ciddi addımlar atılır, böyük əzm, iradə nümayiş etdirilir.
Bununla yanaşı, ölkədə daha 67 min iş yeri yaradılıb ki, bunun da 58 minə yaxını daimi iş yerləridir. Bundan başqa, sənaye istehsalı 1 faiz artsa da, bu da məqbul rəqəmdir. Qeyri-neft sənayemiz 8,8 faiz artıb.
Bu, onu göstərir ki, qeyri-neft sektoruna qoyulan investisiyalar, sahibkarlara göstərilən dəstək öz bəhrəsini verir. Kənd təəssüratı 7,6 faiz artıb. Xarici ticarət dövriyyəsi 35 faiz artıb. İxrac 34 faiz, o cümlədən qeyri-neft ixracı 20 faiz artıb.
Xarici ticarətin müsbət saldosu 4,2 milyard dollardır və sair. Həmçinin, bu ilin 6 ayı ərzində Ələt Beynəlxalq Dəniz Ticarət Limanı istifadəyə verilib. Cənub Qaz Dəhlizinin reallaşmasında da çox böyük addımlar atılıb. May ayında Cənub Qaz Dəhlizinin rəsmi açılışı olub.
İyun ayında isə TANAP-ın rəsmi açılışı oldu. Beləliklə, Cənub Qaz Dəhlizinin dörd layihəsindən üçü artıq reallaşıb – “Şahdəniz-2”, Cənubi Qafqaz Kəməri və TANAP layihəsi. Dördüncü layihə – TAP da qrafik üzrə icra edilir.
Bir sözlə, dövlət başçısı bir daha göstərdi ki, qazanılan, əldə edilən nailiyyətlərlə, uğurla kifayətlənmək, arxayınçılığa, səhlənkarlığa yol vermək olmaz, daha çox , daha keyfiyyətli və daha məsuliyyətli, daha şəffaf çalışmaq lazımdır.
Bunlar çox vacib elementlərdir və elə hesab edirəm ki, ilin sonunadək, yəni, qarşıdakı 6 aylıq dönəmdə də deyilənlər, səslənənlər iradlar, verilənlər tapşırıqlar mütləq nəzərə alınacaq, daha ciddi nəticələr çıxarılacaq”.
Millət vəkili Eldəniz Səlimov da həmkarı kimi düşünür və hesab edir ki, son iclas da əvvəlki iclaslar kimi ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatında böyük rol oynayacaq, özünün müsbət töhfələri, müsbət tendensiyaları ilə müşaiyət olunacaq.

E. Səlimovun dediyinə görə, bu cür iclaslar həm də bir növ hesabatdır, xalq, dövlət qarşısında hökumətin, dövlət başçısının hesabatı.
Millət vəkili bildirib ki, 8 iyul iclasında dövlət başçısı tərəfindən səslənən fikirlər, verilən mesajlar birmənalı şəkildə ölkəmizin sürətli və dinamik inikişaf yolunda daha iri addımlarla addımlamasında öz müsbət rolunu oynayacaq, müsbət töhfələrini mütləq şəkildə vermiş olacaq.
Kamil HƏMZƏOĞLU
www.oxu.az