Qərbi Azərbaycan İcmasının (QAİ) təşkilatçılığı ilə Göygöl rayonunda “Heydər Əliyev İli” çərçivəsində Qərbi Azərbaycanın Basarkeçər rayonu Zod icmasının ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Tarixi torpaqlarımıza mütləq qayıdacağıq” mövzusunda konfransı keçirilib.
Qərbi Azərbaycan İcmasından “Report”a verilən xəbərə görə, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Göygöl şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar, əziz xatirəsini ehtiramla yad ediblər. Sonra Şəhidlər xiyabanı ziyarət olunub, şəhidlərin məzarları üzərinə gül dəstələri düzülüb.
Heydər Əliyev Mərkəzində keçirilən konfransı giriş sözü ilə Göygöl rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev ulu öndərin dövlət quruculuğu və Azərbaycanın tarixi torpaqlarının işğaldan azad olunması, ölkə iqtisadiyyatının yenidən qurulması və inkişafı ilə bağlı gördüyü işlərə, rayonun sosial-iqtisadi cəhətdən inkişafına göstərilən dövlət qayğısına dair fikirlərini bölüşüb. Eyni zamanda ölkəmizin dinamik inkişafı, 44 günlük Vətən Müharibəsində qazanılan tarixi zəfər sayəsində Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad olunmasının, Qərbi Azərbaycan İcmasının yaradılmasının əhalisinin əksəriyyəti Qərbi Azərbaycandan olan Göygöl sakinləri tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılandığını, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bu məsələyə göstərilən dövlət qayğısının əhali tərəfindən real şəkildə hiss olunduğunu xüsusi olaraq qeyd edib.
Sonra Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli çıxış edərək Qərbi Azərbaycan məsələsinə ulu öndər Heydər Əliyevin həssas münasibətini vurğulayıb. Heydər Əliyevin torpaqlarımızın azad olunması, qayıdış məsələlərinin həlli ilə bağlı atdığı gələcəyə hesablanmış addımlar, qəbul etdiyi müdrik qərarlar barədə danışıb. Qeyd edib ki, Heydər Əliyevin Qərbi Azərbaycan məsələsi ilə bağlı tutduğu mövqe, əsasını qoyduğu siyasət Azərbaycan Respublikasının Prezidenti tərəfindən layiqincə və uğurla davam etdirilir.
QAİ-nin yaradılması və fəaliyyətinin təşkilinə göstərilən qayğı barədə danışan icma rəhbəri Qərbi Azərbaycan məsələsinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində görülən işlər, Qayıdış Konsepsiyasının mahiyyəti haqda məlumat verib.
Tədbirdə Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov da çıxış edərək, ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunub saxlanılmasındakı rolundan, Qərbi Azərbaycan məsələsinə dair əsasını qoyduğu siyasi kursun mahiyyəti haqda danışıb. Bildirib ki, ulu öndər Moskvada tutduğu yüksək vəzifələrdən getdikdən sonra ermənilər Qərbi Azərbaycanda və Qarabağda Azərbaycan xalqına qarşı növbəti dəfə məkrli siyasət yürütməyə, əhalini öz tarixi torpaqlarından deportasiya etməyə, etnik təmizləmə və soyqırımı aktlarını həyata keçirməyə başlayıblar.
Özünün, ailəsinin, həmkəndlilərinin ağrılı qaçqınlıq həyatına toxunan natiq qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hərtərəfli inkişafı üçün davamlı surətdə nəticəyönümlü islahatlar həyata keçirilir. Qərbi Azərbaycan məsələsinə istər ölkə daxilində, istərsə də xaricdə, beynəlxalq təşkilatlarla əməkdaşlıq müstəvisində böyük diqqət ayrılır. Bunun sayəsində bütün dünya azərbaycanlıları kimi, qərbi azərbaycanlılar, Basarkeçər rayonunun Zod kəndindən olan qaçqınlar da ölkənin ali rəhbərliyinin ətrafında sıx birləşərək bu siyasəti dəstəkləyirlər. Tədbirdə iştirak edən ağsaqqal Azadxan Haqverdiyev və Əməkdar müəllim Dilarə Qazıyeva da çıxış edərək Zod kəndindən olan insanların ağır qaçqınlıq həyatından bəhs ediblər, Qərbi Azərbaycana qayıdacaqlarına əhalinin güclü inamını ifadə ediblər.
Zod icmasının üzvlərinin fikirləri əsasında akademik Əhliman Əmiraslanovun Zod kənd icmasının rəhbəri seçilməsi təklifi yekdilliklə dəstəklənib.
Tədbirdə həmçinin Qərbi Azərbaycan İcmasının Qəyyumlar Şurasının sədri Mürvət Həsənli və İcmanın aparat rəhbəri Qalib Qasımov da iştirak ediblər.
Konfrans başa çatdıqdan sonra tədbir bədii hissə ilə davam etdirilib. Aşıq musiqisi, şeir, folklor nümunələri səsləndirilib.
17:40
Qərbi Azərbaycan İcmasının tərkibində Zod icmasının Göygöl nümayəndəliyinin yaradılması ilə bağlı tədbir keçirilib.
“Report”un Qərb bürosunun məlumatına görə, tədbirdə Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli, Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədri, akademik Əhliman Əmiraslanov, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev və vaxtı ilə Qərbi Azərbaycandan, Zod mahalından zorla deportasiya edilmiş və rayonda məskunlaşmış bir qrup ağsaqqal və ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Göygöl şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsini və Şəhidlər xiyabanını ziyarət ediblər.
Daha sonra 300 nəfərə yaxın qərbi azərbaycanlı ilə görüş keçirilib.
Görüşdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev açılış nitqi ilə çıxış edib.
Sonra çıxış edən Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli İcmanın strukturu, məqsədləri, bu günə qədər göstərdiyi uğurlu fəaliyyəti barədə danışıb.
Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədri, akademik Əhliman Əmiraslanov nümayəndəliyin işinə uğurlar arzulayıb, belə addımların davamlı olmasını diləyiblər. Zod icmasının təsis olunması ilə bağlı təşəbbüsü dəstəkləyiblər.
Daha sonra Zod mahalının tarixini özündə əks etdirən videoçarx izlənilib. Dövlətə, dövlətçiliyə sadiq olan, qədirbilən və qeyrətli zodluların uğurları barədə söhbət açılıb, Ulu Öndər tərəfindən təltif olunanların videomüraciəti dinlənilib.
Tədbir bədii hissə ilə davam edib.
Qeyd edək ki, icmanın yerli nümayəndəliyi həmin rayonlarda yaşayan qərbi azərbaycanlılar arasında qayıdış hüququnun təşviqi və onların adət-ənənələrinin, folklorunun, mədəni dəyərlərinin təbliği istiqamətində yerli səviyyədə fəaliyyət həyata keçirəcək.