Şuşa Qlobal Media Forumunun iştirakçıları üçün qala-konserti və ziyafət təşkil olunub.
“Report” xəbər verir ki, ziyafətin bədii hissəsinə “Natiq” ritm qrupu start verib.
Daha sonra Azərbaycan və dünya musiqisinin incilərindən, tamaşalardan ibarət zəngin proqram təqdim olunub.




20:34
İyulun 22-də milli mətbuatımızın 148 illiyi münasibətilə Şuşada keçirilən “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” Qlobal Forumunun iştirakçıları şəhərin tarixi məkanları və əsrarəngiz təbiəti ilə tanış olublar.
“Report” xəbər verir ki, qonaqlar əvvəlcə Şuşa qala divarlarını ziyarət ediblər. Burada onlara Şuşa şəhərinin tarixi, qala divarlarının tikilməsi barədə məlumat verilib. Bildirilib ki, Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edilən qala uzun müddət şəhəri xarici müdaxilələrdən qoruyub, alınmazlıq simvolu olub. İşğal dövründə qala divarları erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra qalada təmir-bərpa işləri aparılıb.
Qonaqlar Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinin qoyulduğu Şuşa şəhər mərkəzi meydanına gəliblər. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşı qonaqlara şəhər və güllələnmiş heykəllər barədə məlumat verib. Bildirilib ki, işğal zamanı ermənilər heykəlləri Ermənistana apararaq əritmək istəyiblər. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə həmin heykəllər Azərbaycana gətirilib və Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılıb. Şuşa işğaldan azad olunduqdan sonra həmin heykəllər əvvəlki yerlərinə qaytarılıb.
Qonaqlar Şuşada Xurşidbanu Natəvanın evi, Xan qızı bulağı, Şuşa qalasının Gəncə qapısı, Yuxarı Gövhər Ağa məscidi, Mehmandarovların malikanəsi, Qazançı kilsəsində olublar. Gəzinti zamanı işğal dönəmində mədəniyyət abidələrimizə ermənilər tərəfindən vurulan ziyan, qədim artefaktlarımızın saxtalaşdırılması barədə də məlumat verilib. Bildirilib ki, Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanılıb. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl simasının, tarixi və mədəniyyət abidələrinin bərpasına start verilib.
Sonda Cıdır düzünə gələn qonaqlar buradan açılan əsrarəngiz mənzərəni seyr ediblər. Onlar Şuşa şəhəri ilə tanışlıqdan zəngin təəssüratla ayrılıblar.
























16:08
Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən Qlobal Media Forumunda “Mediada investisiya və istehlak tendensiyaları” adlı ikinci sessiya başlayıb.
“Report”un Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, sessiyada müasir informasiya mühitində media menecmenti və dayanıqlı media biznes modellərinin yaradılması mövzusuna toxunulub.
Tədbirdə yerli və xarici media nümayəndələri, eyni zamanda, ekspertlər iştirak ediblər.
“Economyfirst Limited London” şirkətinin direktoru Klaus Jürgens, TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman, jurnalist, media meneceri, məruzəçi Bora Bayraktar, Serbiya parlamentinin keçmiş sədri, Strateji Araşdırmalar Forumunun təsisçi və prezidenti Neven Cveticanin mövzular barədə ətraflı danışıblar.
Qeyd edək ki, Şuşa Qlobal Media Forumuna 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Tədbirdə, həmçinin, 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edir.
Forum işini iyulun 23-də yekunlaşdıracaq.







14:25
“4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda keçirilən Şuşa Qlobal Media Forumu çərçivəsində “Medianın gələcəyi: Ənənəvi media üçün növbəti addımlar; Rəqəmsal transformasiya diqqət mərkəzində” adlı panel müzakirəsi keçirilib.
“Trend” xəbər verir ki, paneldə media məhsullarının istehsalı və istehlakı ilə bağlı dəyişən trendlər müzakirə edilib.
Panel müzakirəsində çıxış edən Qlobal Siyasət İnstitutunun prezidenti Professor Paolo fon Şirak bildirib ki, xəbərlər və əyləncələr arasında sərhəd itib, artıq çox eyniləşib.
Amerikalı jurnalist, televiziya, sənədli film, podkast və debat prodüseri Dana Volf deyib ki, media sahəsində yeniliklərə, dəyişikliklərə adaptasiya olmaq, onları izləmək vacibdir.
Panel iclası zamanı süni zəkanın mediada rolundan bəhs edən “Forward Thinking” şirkətinin direktoru Oliver MakTernan, həmçinin, əlavə edib ki, süni zəkanın silah kimi istifadə edilməsi narahatlıq doğurur.
Panel sessiyası müzakirələrlə davam edib.






10:48
Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü münasibətilə “IV Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Qlobal Forumun ikinci günü sessiyalarla davam edir.
“Report”un Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, sessiyalarda medianın gələcəyi - rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər, mediada investisiya və istehlak tendensiyaları və digər mövzular xarici və yerli mütəxəssislərin iştirakı ilə müzakirəyə çıxarılacaq.
Forumda tədbirlə bağlı videoçarx nümayiş olunub.
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qlobal Media Forumunun əhəmiyyətini vurğulayıb, bu mötəbər tədbirin Şuşada keçirilməsinin təsadüfi olmadığını qeyd edib.

Azərbaycan Milli Mətbuatının keçdiyi 148 illik şərəfli tarixi yoldan danışan Prezidentin köməkçisi forumun işinə uğurlar arzulayıb.
Forumda yerli və xarici media nümayəndələri, eyni zamanda, ekspertlər iştirak edirlər.
Tədbir Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilir.
Qeyd edək ki, Şuşa Qlobal Media Forumunda 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Həmçinin Forumda 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edir.
Forum işini iyulun 23-də yekunlaşdıracaq.