Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Qiyməti olmayan Azərbaycan bayraqları: “Xüsusi sifarişlə hazırlayırıq” – MÜSAHİBƏ + FOTO
“Müharibə vaxtı biz fasiləsiz çalışdıq. Normalda həftədə beş gün saat 6-dək çalışırıq, ancaq 44 günlük Vətən müharibəsi dövründə biz dayanmadıq, hər gün gecə, hətta səhərə yaxın, saat 4-də evə gedir, 9-da təkrar işə gəlirdik. Həmin vaxt evə getməyə taksi də çətin tapılırdı. Müharibə vaxtı biz o qədər bayraq istehsal etmişik ki, sayını unutmuşam.
Bizə: “Bu günə filan qədər bayraq lazımdır”, - deyirdilər, çatdırmaq üçün bəzən gecəni də qalıb işləyirdik, günə 200-300 bayraq istehsal olunurdu. Ancaq şəhid ailələri üçün heç vaxt bayraqları ödəniş qarşılığında hazırlamamışıq. İşimizi tam təmənnasız görmüşük”.
Bu sözləri Oxu.Az-a müsahibəsində “Azəratribut” MMC-nin icraçı direktoru Məlahət Kəlbiyeva deyib. O, müharibə vaxtı gələni əliboş qaytarmadıqlarını bildirib.
Müsahibəni təqdim edirik:
- Məlahət xanım, ilk olaraq müəssisənizin fəaliyyət yolu haqqında məlumat verməyinizi istəyərdik.
- “Azəratribut” MMC 13 ildir ki, bayraq istehsalı ilə məşğuldur. Əvvəl qurumun təsisçisi Mehdi müəllim də, mən də “Bakı Tikiş Evi”ndə çalışmışıq. Sonra oradakı işimizdən ayrıldıq, həmin dövrdə bayraq istehsalı ilə məşğul olan xüsusi qurum yox idi, məhsul xaricdən idxal olunurdu. Bir gün Mehdi müəllim belə bir müəssisə yaratmağa qərar verdi və məni işə dəvət etdi. Mən də qəbul etdim, elə yarandığı gündən burada çalışıram. İşə iki-üç nəfərlə başladıq, bir çap və tikiş maşınımız vardı, sonra həm əməkdaşlarımızın, həm də avadanlıqlarımızın sayı artdı.
Avadanlıqlar olduqca bahalıdır. Zamanla hamı tanıdı və burada, təbii ki, məhsulun keyfiyyəti böyük rol oynadı. Hazırda 11-12 nəfər işçimiz var, xanımlar tikiş işini həyata keçirir, bəylər isə çap prosesini icra edirlər. Bura bayraq istehsal edən yeganə müəssisədir. Ona görə də işlərimiz çoxdur. Demək olar ki, bütün güc qurumları ilə müqaviləli şəkildə əməkdaşlıq edirik. Onlardan mütəmadi olaraq sifarişlər alırıq.
- Bəs fərdi sifarişlər də qəbul edirsiniz?
- Bəli, xüsusi sifarişlər də alırıq. Biz, ümumiyyətlə, digər dövlət qurumları, eləcə də özəl müəssisələr üçün də bayraq hazırlayırıq. Reklam şirkətləri də bizimlə çalışırlar. Qiymətlər isə standartdır. Hansısa quruma görə qiymət dəyişmir. Qiymət sadəcə ölçüdən asılıdır.
- Bayrağın hazırlanma üsulu olduqca maraqlıdır…
- Sublimasiya çapı var. Bu çap növü ilə 200 dərəcə istidə istənilən görüntünü əks olunduğu xüsusi kağızdan birbaşa parçaya köçürmək mümkündür. Biz də ondan istifadə edirik. Belə ki, ilk olaraq kağız istədiyimiz görüntüyə uyğun çap olunur, daha sonra 200 dərəcə isti ilə o kağızdan parçaya köçürülür. Bir də rəngin birbaşa parçaya köçürülməsi var, bayrağın elə hazırlanması daha ucuz başa gəlir, lakin biz bu üsuldan çox istifadə etmirik, çünki sublimasiya ilə məhsullar daha keyfiyyətli olur. Bayrağın hazırlanması üçün parça növləri də fərqlidir. Çöl və otaq üçün hazırlanan bayraqlar fərqli olur. Reklam bayraqlarının parçaları isə “raşel” adlanır. Hər bir bayraq rənginin isə xüsusi kodları var. Söhbət təkcə Azərbaycan bayrağının rənglərindən getmir, bütün rənglər kodladır.
- Burada müxtəlif bayraqlar var və hər birinin xüsusi detalı var, bəziləri olduqca mürəkkəb görünüşdədir. Detalın qiymətə təsiri varmı?
- Detalı çox olan bayrağın dizaynını əvvəlcədən veriblərsə, onu hazırlamaq asandır. Ancaq dizaynı hazır deyilsə, xanım dizaynerimiz Elmira Bağırova onun üzərində işləyir, daha sonra bayraq hazırlanır. Dizaynı verilməyən sifarişlərdə əgər çox vaxt aparan bir işdirsə, qiymət fərqi müəyyən qədər olur. Ancaq məsələn, bəzən olur ki, şəhid xanımları zəng edir, bayraq üstündə övladlarının fotosunun olmasını istəyirlər. Hazırda da elə bir sifarişimiz var. Onu hazırlayırıq. Heç bir ödəniş də almırıq. Amma digərlərində dizayn ödənişi olur. Məsələn, bu yaxınlarda Gəncədə Cavad xan gecəsi üçün çadır hazırlanırdı. Həmin çadırın xüsusi dizaynı hazırlanmalıydı, dizaynerimiz onun üzərində işlədi. Ona görə də dizaynı hazır olmayan sifarişlər üçün təxminən bir həftə əvvəldən müraciət etmələri daha yaxşı olar.
- İstifadə olunan avadanlıqlar yerli istehsaldır, yoxsa idxal edilir?
- Təəssüf ki, bizdə bu məhsullar istehsal edilmir. Boya, kağızlar, parçalar - hər şey xaricdən, xüsusilə də Türkiyədən gətirilir. Bəzən sifarişçilər Türkiyədə məhsulun daha ucuz olduğunu deyirlər. Bunun bir neçə səbəbi var. Başlıcası - onlarda bunun sənayesinin olmasıdır, yəni hər şeyi özləri istehsal edirlər. Biz isə idxal edirik, yol və gömrük xərci var. Digər səbəb isə Türkiyədə sublimasiyadan istifadə olunmamasıdır. Çünki sublimasiyada çıxar çox olur. Ona görə də qiymətdə fərqin nəzərə çarpması çox normaldır.
- Bir bayrağı hazırlamaq təxminən nə qədər vaxt aparır?
- Adətən, biz ardıcıl işlədiyimiz üçün vaxt məsələsini tənzimləmək olmur. Amma təxmini belə deyə bilərəm ki, bir bayrağın tam hazırlanmasına 45 dəqiqə sərf olunur. Əslində, vaxtın ölçüdən asılı olduğunu desək, daha doğru olar. Həmçinin xərc də ölçüdən asılıdır.
- Daha çox hansı ölçülərdə bayraq sifariş edirlər?
- Sifarişlər çox zaman 1:2 ölçüsündə olur. Qeyri-adi sifarişlər olmur. Ancaq böyük bayraqlarımız da çox olub. Məsələn, Naxçıvan Muxtar Respublikasından sifariş qəbul etdikdə çox zaman böyük ölçülü bayraqların istəndiyini görürük. Ölçü təxminən 16-20 metr olur. Hətta 30 metrlik bayraq da hazırlamışıq. Bu yaxınlarda Suqovuşanda avarçəkmə yarışı oldu. Həmin tədbir üçün bütün bayraqları biz hazırladıq. Həmçinin cüdo yarışları üçün də böyük ölçüdə bayraqlar sifariş edilir.
- Belə başa düşdüm ki, Naxçıvanda bu işlə məşğul olan müəssisə yoxdur.
- Xeyr, onlar da buradan sifariş verirlər. Ümumiyyətlə, çox bölgəmizdə yoxdur.
- Satış üçün hazırlanmayan bayraqlarınız da varmı?
- Xeyr, biz ancaq satış üçün bayraq istehsal edirik, spesifik özümüzdə saxladığımız bir bayraq yoxdur.
- Bu tikinti mərkəzi sadəcə bayraq istehsalı ilə məşğuldur, yoxsa başqa məhsullar da hazırlanır?
- Xeyr, biz xüsusi bəzəyi olan süfrə, qalstuk və şərf sifarişləri də qəbul edirik. Bəzən təəccüb doğurur, amma 12 nəfərlə bunların hamısını çatdırırıq. Süfrələr, əsasən, tədbirlər üçün olur və xüsusi loqo istənilir. İstənilən kimi hazırlayırıq, heç bir məhsula isə öz müəssisəmizin loqosunu vurmuruq, çünki onsuz da, onlar keyfiyyəti ilə tanınır.
- Bəs kəlağayı istehsal edirsiniz?
- Kəlağayı hazırlamırıq, çünki bizim avadanlıqlarla təbii parçaya çap getmir, bizdə ancaq poliester parçalar çap olunur.
- Vətən müharibəsi dövründə, yəqin ki, işiniz çətin olub. Nə qədər bayraq istehsal etdiyinizi öyrənə bilərik?
- Bəli, müharibə vaxtı biz fasiləsiz çalışdıq. Normalda həftədə beş gün saat 6-dək çalışırıq, ancaq 44 gün ərzində biz dayanmadıq, hər gün gecə, hətta səhərə yaxın, saat 4-də evə gedir, 9-da təkrar işə gəlirdik. Həmin vaxt evə getməyə taksi də çətin tapılırdı. Müharibə vaxtı biz o qədər bayraq istehsal etmişik ki, sayını unutmuşam. Bizə: “Bu günə filan qədər bayraq lazımdır”, -deyirdilər, çatdırmaq üçün bəzən gecəni də qalıb işləyirdik, günə 200-300 bayraq istehsal olunurdu. Ancaq şəhid ailələri üçün heç vaxt bayraqları ödəniş qarşılığında hazırlamamışıq. İşimizi tam təmənnasız görmüşük. Hətta müharibə vaxtı üç nəfər könüllü də sıramıza qoşulub. Gələni boş qaytarmamışıq. Müharibədən sonra icra hakimiyyəti xidmətimizə görə hamımıza təşəkkürnamə təqdim elədi. İndi də maraqlanırlar, iş çox olanda gəncləri könüllü bizə yardıma göndərməyi təklif edirlər. Qapımız gənclərə də açıqdır, gəlib burada təcrübə keçə bilərlər.
- Başqa hansı ölkələrin bayraqlarına tələb var?
- Bütün ölkələrin, əsasən də, Azərbaycanda səfirliyi olan ölkələrin bayraqlarına tələbat var. Həmin ölkələrin dövlət tədbirləri olduqda gəlib bayraqlarını buradan alırlar. Elə dünən Qırğızıstan səfirliyindən gəldilər. Ərəb Əmirliyinin səfirliyindən də sifariş qəbul etmişik. Azərbaycanın İsveçrədəki səfirliyi üçün gəlib buradan bayraq alınıb və çox bəyənilib. Hətta bizdən qədim xanlıqların bayraqları da istənilir. Bayraq Muzeyi üçün də bayraqlar burada hazırlanır. Qədim bayraqları sadəcə muzeylər yox, fərdi olaraq şəxslər də sifariş edirlər. Məsələn, İrəvan xanlığının bayrağını bizdən tez-tez istəyirlər. Bundan əlavə, Gəncə və Şəki xanlıqlarının bayraqlarını istəyənlər də olur.
- Heç Ermənistan bayrağı sifariş edən olub?
- Bəli, bir dəfə hazırlamışıq. Azərbaycanda hansısa kinonun çəkilişi idi, kanallardan biri bizə bunun üçün müraciət etdi. Mütləq şəkildə Ermənistan bayrağının gərəkdiyini dedilər. Ancaq biz razılığı birbaşa vermədik. Onlardan çəkəcəkləri filmlə bağlı sənəd aldıq, ondan sonra bayrağı hazırladıq. Elə bircə dəfə onda istehsal etmişik. Fərdi sifarişləri isə qəbul etmirik.
- İran bayrağı üçün də xüsusi sənəd istəyirsiniz?
- Hələ ki tələb etmirik (gülür).
- Vaxt ayırdığınız və suallarımızı cavablandırdığınız üçün təşəkkür edirik.
Daha çox foto burada: Photostock.az
Sayad Həsənli
"Ermənistan" teqi üzrə xəbərlər
- Ermənistanda üç avtomobil toqquşdu, Fransa səfirliyinin əməkdaşı xəstəxanalıq oldu
- Bu xəbərləri qaçırmayın: 22.11.2024-ün ən mühüm hadisələri
- İran diplomatı "Yaşasın Ermənistan!" deyir
- Ermənistanda ikiüzlü davranış: döyülən təbrizli: Azğın fransız hərbçilər
- Ermənistanda Təbriz sakini azərbaycanlı olduğuna görə dəfələrlə döyülüb