Rusiya və Azərbaycan münasibətlərini inkişaf etdirməklə yanaşı gələcəyə bərabər baxırlar.
Oxu.Az xəbər verir ki, bu barədə Bakıda keçiriləcək I Avropa Oyunlarının Moskvada təqdimatı çərçivəsində “Vestnik Kavkaza”nın müxbiri ilə söhbətdə Rusiyanın XİN rəhbərinin müavini Qriqori Karasin bildirib.
“Biz anlayırıq ki, ikitərəfli mövzu ilə yanaşı, çox geniş beynəlxalq və regional gündəmimiz var, elə Xəzər dənizi və Cənubi Qafqazı götürək. Biz hər yerdə bir-birimizin mövqelərini nəzərə alırıq, həm iqtisadi inkişafa, həm də ölkələrin hər birində baş verən siyasi proseslərə yardım etməyə səy göstəririk.
Ən əsası isə, bunların hamısının sabitlik, mehriban qonşuluq, qarşılıqlı hörmət prinsiplərinə əsaslanmasıdır və məncə bu, bizdə alınır”, - Karasin vurğulayıb.
“Yəni bizim ölkələrimiz gələcəyə əminliklə baxır və mən düşünürəm ki, bugünkü təqdimat, gələcəyin hər iki xalq üçün rahat, sakit və uğurlu olacağının əlamətidir”, - Rusiyanın xarici işlər nazirinin müavini sözünü yekunlaşdırıb.