Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Qubad İbadoğlu nə edirdi? - Onun barəsində yeni faktlar açıqlana bilər
ABŞ, Böyük Britaniya, Fransa və Almaniyanın Azərbaycandakı səfirliklərinin bu günlərdə saxlanılmış ADR sədri Qubad İbadoğlu ilə bağlı “tweet” paylaşmaları Azərbaycanın daxili işlərinə kobud müdaxilə cəhdidir.
Qubad İbadoğlu FETÖ-yə qarşı mübarizə çərçivəsində saxlanılıb. O, indi istintaq altındadır. İstintaqla onun bağlantıları araşdırılacaq. Ancaq adıçəkilən ölkələr tələsik bəyanat yayırlar. Bu, istintaqın işinə kobud müdaxilədir.
Bir daha qeyd edirik ki, FETÖ terror təşkilatıdır, ABŞ tərəfindən dəstəklənib və maliyyələşdirilib. Bu təşkilat təkcə Türkiyədə deyil, bir çox ölkədə, o cümlədən də Azərbaycanda şəbəkə qurmuşdu.
İndi isə bunlar görməzdən gəlinir. Əvəzində isə istintaq altında olan birinə qahmar çıxırlar. Bu, Qərb ölkələrinin çoxdankı ənənəsidir.
Onlara bir daha xatırlatmaq yerinə düşər ki, Azərbaycan müstəqil ölkədir, belə məsələlər qanunlara uyğun şəkildə müstəqil məhkəmə orqanları tərəfindən tənzimlənir.
Əgər Qərb ölkələri və onların buradakı nümayəndələri düşünürlərsə ki, əvvəlki qaydada Azərbaycanın daxili işlərinə müdaxilə edə, təzyiq göstərə bilərlər, çox yanılırlar.
Qubad İbadoğluya gəlincə, o, ABŞ-də FETÖ-çülərin geniş ayaq açdığı Şimali Karolina, Dyuk və Rutqers universitetlərində işləyib, onlarla geniş əlaqələr qurub. Q.İbadoğlunun dəfələrlə Pensilvaniyaya səfər etməsi, Fetullah Gülenlə görüşməsi, təlimatlar almasına dair faktlar ola bilər. Bu şübhələrdən dolayı o həbs edilib. Yəqin ki, bir müddət sonra həmin faktlar açıqlanacaq.
Qubad İbadoğlu Milli Şuranın sədri Cəmil Həsənli ilə birlikdə Qərbdən, konkret olaraq ABŞ-dən böyük qrantlar alırdı. Bu layihələr ilə qanun pozuntuları ilə icra olunur, vəsaitlər tam başqa istiqamətə yönəldilirdi.
Görünən budur ki, konkret olaraq Qubad İbadoğluya Azərbaycanda FETÖ şəbəkəsini bərpa etmək, siyasi gərginliyi artırmaq, ictimai-siyasi sabitliyi pozmaq istiqamətində tapşırıqlar verilmişdi. Onun FETÖ-nün ABŞ, Türkiyə və Avropa ölkələrindəki gizli mərkəzləri, ocaqları ilə əlaqələri qurulmuşdu.
İndi Qərb ölkələrinin səfirliklərinin məlum canfəşanlığını haradasa başa düşmək olar. Qubad İbadoğlu layihəsinə buraxdıqları böyük vəsaitlər batır. Ən əsası, bəzi Qərb dairələrinin Azərbaycanda növbəti dəfə qarışıqlıq yaratmaq planı yenə də iflasa uğradı.
Buna görə də Azərbaycan dövləti, ictimaiyyəti Qərb dairələrinin növbəti dəfə Azərbaycanda qarışıqlıq yaratmaq cəhdlərinə sərt təpki verməlidirlər. Məsələn, bu dairələr Macarıstanda öz planlarını reallaşdırmağa çalışdılar, amma Viktor Orban hökumətindən layiqli cavab aldılar.
Aqil Vəlili