Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Rəsmi Bakı Qarabağın əhalisinə geniş hüquqların verilməsi haqqında
Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mərhələli şəkildə həllinin başlanması məqsədilə substantiv danışıqların davam etməsinə hazırdır.
Oxu.Az xəbər verir ki, bu fikirləri Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov “RİA Novosti” agentliyinə müsahibəsində bu ilin sonunadək Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı görüş ehtimalını şərh edərkən deyib.
“Bundan əlavə, son vaxtlardakı danışıqların gedişatını izləsəniz, görərsiz ki, məhz rəsmi Bakının dəfələrlə Azərbaycan torpaqlarının işğalına sona qoyulmasına, məcburi köçkünlərin, o cümlədən Dağlıq Qarabağın Azərbaycan icmasının nümayəndələrinin təhlükəsiz və layiqli şəkildə öz evlərinə qayıtması üçün şəraitin yaradılmasına, ardından isə Azərbaycanın erməni və Azərbaycan icmalarından ibarət Dağlıq Qarabağ regionunun əhalisi üçün özünü idarəetmənin geniş hüquqlarının təmin edilməsinə yönəlmiş məsuliyyətli dialoqun təşviq edilməsinin vacibliyini bildirib.
Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında Düşənbədə MDB sammiti çərçivəsində keçirilmiş yüksək səviyyəli danışıqlar Azərbaycanın mənalı dialoqa hazır olduğuna bariz nümunədir.
Təəssüf ki, Yerevanda baş vermiş hakimiyyət dəyişikliyi və bu günə qədər müşahidə olunan sarsıntılar müəyyən dərəcədə prosesi yavaşıdıb. Ümid edirik ki, Ermənistan rəhbərliyi yaxın zamanlarda mövcud format çərçivəsində və məlum gündəmə əsasən danışıqlar prosesini davam etdirmək üçün siyasi iradə nümayiş etdirəcək”, - Məmmədyarov qeyd edib.
Ə.Ş.
www.oxu.az