"Ukrayna Prezidenti Volodimir Zelenskiyə müharibəni bitirmək yönündə təzyiqlər edilir. Hazırkı ümumi mənzərə Rusiyanın lehinə, Ukraynanın isə əleyhinədir".
Bu fikirləri Oxu.Az-a açıqlamasında deputat Vüqar İskəndərov deyib.

Deputat dünən Vladimir Putin və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında baş tutan görüşə münasibət bildirərkən qeyd edib ki, bu təmas istənilən nəticəni vermədi:
"Düzdür, daha sonra Donald Tramp açıqlama verdi ki, görüşün nəticələri müsbətdir, amma detallar açıqlanmayıb. Hazırkı durumda Ukrayna dünyanın gözü qarşısında parçalanır. Donald Trampın isə sülh əldə etmək istədiyi görünür. Lakin həqiqət odur ki, kim müharibə edir etsin, qazanan ABŞ olmaq istəyir. Ona görə də hazırkı məqamda Trampa ən azı atəşkəs lazımdır. Hiss olunur ki, Zelenskiyə təzyiqlər var. Rusiyanın da öz tələblərindən geri dönməməsi döyüşlərin hələ davam edəcəyini göstərir. Putinin istəyi budur ki, danışıqlar masasına əyləşməzdən əvvəl daha çox ərazini ələ keçirsin və bunun ardınca güzəşt imitasiyası yaratsın. Reallıq isə odur ki, həm sərvətlər, həm də ərazilər baxımından Ukrayna əvvəlki kimi olmayacaq.
Zelenskinin şəxsi və siyasi taleyi də sual altındadır. Bundan başqa, Avropa da gedən döyüşlərdən yorulub. Cəmiyyətlər hökumətlərin üzərinə gedir. İtaliya Ukraynaya silah vermək istəmir, Macarıstan və Slovakiyanın mövqeyi bəllidir, Almaniya rəhbərliyi isə xalqın təzyiqi ilə üzləşib. Yaxın vaxtlarda sülhdən danışmaq tezdir. Bu fonda Fransa prezidentinin Çinə səfəri də diqqətdə saxlanılmalıdır. Makron istəyir ki, Si Cinpin Putinə müharibəni bitirmək üçün təzyiq göstərsin".

Siyasi ekspert Ramiz Alıyev isə Oxu.Az-a açıqlamasında qeyd edib ki, Rusiyada keçirilən son görüş regionda və qlobal təhlükəsizlik arxitekturasında yeni mərhələnin başlandığını göstərir:
"Müzakirələrin gedişi, səslənən bəyanatlar və Qərb mediasında yayılan təhlillər prosesin əvvəlki illərlə müqayisədə daha mürəkkəb, çoxşaxəli xarakter aldığını ortaya qoyur. Bəzi beynəlxalq media qurumları iddia edir ki, Ukrayna müqaviləsi kontekstində ABŞ-nin Rusiyaya müəyyən təhlükəsizlik təminatları verməsi ehtimalı müzakirə predmetidir. Bu, hələlik rəsmi səviyyədə təsdiqlənməsə də, məlum fikirlərin ortaya çıxması Vaşinqtonun danışıqlar prosesində daha aktiv rol almağa hazırlaşdığını göstərir. Lakin ABŞ-nin Rusiyaya təhlükəsizlik zəmanəti verməsi, xüsusilə NATO-nun genişlənmə siyasəti fonunda, çox mürəkkəb və ziddiyyətli məsələdir. Bu addım yalnız Moskva ilə deyil, həm də NATO müttəfiqləri ilə uzun və çətin siyasi razılaşmalar tələb edir. Putinin bəlli görüşdən sonra səsləndirdiyi "Ukrayna NATO-ya de-fakto üzv olmayacaq" və "Donbas masanın mövzusu ola bilməz" kimi fikirləri Moskvanın qırmızı xətlərinin dəyişmədiyini göstərir. Bu bəyanat Rusiya tərəfinin kompromis çərçivəsini daraltmağa yönəlib".
Ekspert bildirib ki, son bəyanatlarda Moskvanın Avropa İttifaqını (Aİ) danışıqlar prosesində əsas maneə kimi göstərməsi Rusiyanın informasiya strategiyasının tərkib hissəsidir:
"Bu yanaşma həm Avropa daxilində fikir ayrılıqlarını dərinləşdirməyə, həm də ABŞ-nin prosesdə əsas vasitəçi kimi mövqeyini gücləndirməyə yönəlib. Hazırkı situasiya bir neçə paralel prosesin üst-üstə düşməsini göstərir. Sülh danışıqları başlasa belə, yaxın perspektivdə hərbi əməliyyatların tam dayandırılması real görünmür. ABŞ və Rusiya arasında müəyyən anlaşmalar istisna deyil, lakin bu anlaşmalar Ukraynanın maraqlarını tam əks etdirməyə bilər. Ümumilikdə, proses göstərir ki, Rusiya-Ukrayna müharibəsi yeni siyasi mərhələyə qədəm qoyur. Bu dönəmdə beynəlxalq münasibətlərin əsas determinantı artıq hərbi əməliyyatların nəticələri deyil, böyük güclərin gələcək təhlükəsizlik sisteminə dair razılaşma cəhdləridir. Regionda güc balansı dəyişməkdə davam edir və növbəti aylarda aparılan diplomatik müzakirələr qlobal təhlükəsizlik arxitekturasının formalaşmasına birbaşa təsir göstərə bilər".
Aqil Vəlili