Pərviz Heydərov yazır...
Yanvarın 1-dən özəl sektorda muzdla çalışan fiziki şəxslər üzrə gəlir vergisinin bərpası maliyyə naziri Sahil Babayev demişkən, əslində, qeydolunan sahədə yeni növ güzəşt mexanizminin tətbiqi mənasını daşıyır.
Belə ki, söhbət bərpadan getsə də, heç də hər şey məhz yeddi il əvvəl olduğu kimi deyil, tamamilə yeni əsasda və qaydada tətbiq ediləcək. Başqa sözlə desəm, ölkədə özəl sektorda gəlir vergisinin dərəcəsi 50% aşağı salınacaq.
Yəni, 2029-cu ilə maksimal bərpa 14% deyil, 7% təşkil edəcək.
"Qanuna dəyişiklik edilməsəydi 2 500 manata qədər gəlir 14%-lə, 2 500 manatdan artıq gəlir isə 25%-lə cəlb ediləcəkdi. Lakin Azərbaycan hökuməti yenə də özəl və qeyri-neft-qaz sektorunun inkişafını, bu sektorun ehtiyacını nəzərə alaraq növbəti böyük güzəştli rejim tətbiq edir, 14%-lik vergini 7%-ə salırıq. Özü də bunu tədricən edirik", - deyə maliyyə naziri qeyd edib.
Xatırladım ki, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid ödəyicilərdə çalışan fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri üzrə vergi dərəcələrinə güzəşt 2019-cu ildə tətbiq edilmişdi. Və bu, çox səmərəli nəticələr vermişdi.

Ötən müddət ərzində ölkə üzrə əmək müqavilələrinin sayı iki dəfəyədək, əməkhaqqı fondu isə iki dəfədən çox artıb, sosial ödənişlər sahəsində də minimum pensiya 2.9 dəfə artaraq 320 manata, ortaaylıq pensiya isə 2.6 dəfə artaraq 540 manata yüksəlib.
Ümumiyyətlə, ölkədə 2018-ci ildən bəri sosial müavinət və təqaüd ödənişlərində beş dəfəyə qədər artım əldə olunub ki, bu da xərclərin 400 milyon manatdan 2026-cı ildə iki milyarda gəlib çıxacağı deməkdir.
Sosial ödənişlər demişkən, qeyri-neft-qaz və dövlət sektorunda çalışanlar əks sektorda olanlar kimi təkcə gəlir vergisi deyil, 10% DSMF-ə ayırmalar, 2% icbari tibbi, 0.5% işsizliyə görə sığorta haqqı da ödəyirlər.
Və bunların sırasında ən yüksək ödənişi göründüyü kimi DSMF-ə ayırma təşkil edir. Hansı ki, yeddi il öncə bu rəqəm cəmi 3% idi. Yəni, 2019-cu ildə özəl sektorda gəlir vergisi üzrə güzəşt tətbiq edilərkən məcburi dövlət sosial sığorta - DSMF-ə ayırma dərəcəsi də 3%-dən 10%-ə qaldırıldı. Vəsaitin toplanması işi isə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə olundu.
Bütün bunların sayəsində də DSMF-nin gəlirləri artdı.
Lakin bir nüans var. Məsələ bundadır ki, qeyri-neft-qaz və dövlət sektorlarında çalışanların aylıq gəlirlərindən məcburi dövlət sosial sığorta haqqının tutulmasına dair də dəyişikliklər ediləcəyi gözlənilir.
2019-cu il yanvarın 1-dən yeddi il müddətinə sözügedən kateqoriyaya aid şəxslərin aylıq gəliri 200 manata qədər olduqda məcburi dövlət sosial sığorta haqqı sığortaolunanın gəlirindən 3%, sığortaedənin vəsaitindən 22%, 200 manatdan çox olduqda isə sığortaolunanın gəlirlərindən altı manat + 200 manatdan çox olan hissənin 10%-i, sığortaedənin vəsaitindən isə 44 manat + 200 manatdan çox olan hissəsinin 15%-i qədər sosial sığorta haqqı tutulur.
Sözügedən dəyişikliklərin isə hansı istiqamətdə olacağını qeyd edə bilməsəm də, əsas məqsədin məhz sosial sığorta ödəyicilərinin sayını artırmaq, ayırmaların faiz dərəcəsini yüksəltmək və sistemin maliyyə sabitliyini uzunmüddətli əsasda təmin etmək olduğu aydın məsələdir.
Odur ki, məsələn, DSMF-ə ayırmanın da dərəcəsi əgər qaldırılarsa, o zaman bu, özəl sektorda yuxarıda girişdə qeyd etdiklərimin əksinə olaraq işçinin üzərinə düşən vergi yükünün heç də az təşkil edəcəyi yox, artacağı mənasına gələcək.