Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Andrey Rudenko ilə görüşüb.
Səfirliyin mətbuat xidmətindən verilən məlumata görə, qarşılıqlı anlaşma şəraitində keçən görüşdə Andrey Rudenko Rusiya Xarici İşlər Nazirliyinin 15 iyul tarixli məlum bəyanatı ilə bağlı Rusiya tərəfinin mövqeyini bildirib. O, bu bəyanatın Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almadığını qeyd edib: “Rusiyanın bu gün əsas məqsədi Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasıdır və bunun üçün Rusiya tərəfi hərtərəfli dəstək verməyə, o cümlədən öz ərazisində görüşlər təşkil etməyə hazırdır”, - deyə o bildirib.
Bundan əlavə, Andrey Rudenko Azərbaycan ərazisində müvəqqəti dislokasiya olunmuş Rusiya sülhməramlı qüvvələrinin fəaliyyətinə də toxunub. Polad Bülbüloğlu Azərbaycan tərəfinin qəti mövqeyini rusiyalı həmsöhbətinə çatdıraraq qeyd edib ki, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 1997-ci ildə imzalanmış “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında” Müqaviləyə əsasən, Rusiya Federasiyası birmənalı şəkildə Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmətlə yanaşmış və heç vaxt ərazi bütövlüyümüzü şübhə altına qoymamışdır.
Bu səbəbdən iyulun 15-də Rusiya Xarici İşlər Nazirliyinin bəyanatı Azərbaycanda, o cümlədən deputatlarımızın, ekspertlərimizin, politoloqlarımızın narazılığına səbəb olub. Laçın sərhəd-keçid məntəqəsindən ermənilərin sərbəst və maneəsiz keçməsinə heç bir maneənin olmadığından danışan səfir qeyd edib ki, dəhlizin bağlanmasına səbəb ondan başqa məqsədlər, o cümlədən döyüş sursatı, qaçaqmalçılıq daşımalarında istifadə edilməsidir.
O bildirib ki, bunu təsdiqləyən çoxlu sənədlər və videolar var. Bununla belə, Rusiyanın sülhməramlı kontingentinin fəaliyyətinə toxunan səfir vurğulayıb ki, Xankəndində ermənilər gizli dağ yolları ilə naməlum yükləri daşıyır, məktəblilər üçün hərbi təlimlər keçirilir ki, bu da Azərbaycanda haqlı narazılıq yaradır və Rusiya-Azərbaycan münasibətlərinə kölgə salır. Polad Bülbüloğlu həmkarının diqqətinə onu da çatdırıb ki, iyulun 14-də Şuşada olarkən orada atəşkəs rejiminin pozulmasının şahidi olub.
Səfir eyni zamanda Rusiyanın mətbuatında Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qərəzli bəyanatların cəmiyyətimizdə, o cümlədən politoloqlar və ekspertlər arasında mənfi reaksiya doğurduğuna diqqət çəkib. Ruben Vardanyanın Xankəndindəki təxribatçı fəaliyyətindən danışan Polad Bülbüloğlu bunun mövcud vəziyyətin normallaşmasına maneələr yaratdığını vurğulayaraq, cəmiyyətimizdə belə bir fikir formalaşdığını qeyd edib ki, onu Xankəndinə məhz Moskva göndərib.
Sülh müqaviləsinin Prezident İlham Əliyevin təşəbbüsü olmasından danışan Azərbaycan səfiri vurğulayıb ki, ölkəmiz üçün danışıqların harada aparılmasının heç bir əhəmiyyəti yoxdur, əsas məsələ danışıqları davam etdirmək və konkret nəticə əldə etməkdir. O, hazırda işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı təmir-bərpa işlərindən danışaraq, orada yaşayan ermənilərin də bunun şahidi olduğunu qeyd edərək, Azərbaycanın daxilində həyatın onlar üçün daha firavan olacağına əminliyini ifadə edib. Görüşdə həmçinin regionda baş verən hadisələr və qarşılıqlı maraq doğuran digər mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.
19:17
İyulun 17-də Rusiya Federasiyası xarici işlər nazirinin müavini A.Y.Rudenko Azərbaycan Respublikasının Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu ilə görüşüb.
Bu barədə Rusiya XİN-dən məlumat verilib.
Məlumata görə, söhbət zamanı Cənubi Qafqazdakı vəziyyət, Bakı ilə İrəvan arasında barışıq prosesi müzakirə olunub.
Vurğulanıb ki, Rusiya Federasiyası Azərbaycan Respublikasının ərazi bütövlüyünə həmişə hörmətlə yanaşır və müttəfiqlik haqqında ikitərəfli bəyannamənin ruhuna tam sadiqdir.
Rusiya tərəfi üçtərəfli sazişlərin ən yüksək səviyyədə həyata keçirilməsi yollarını, o cümlədən sülh müqaviləsinin razılaşdırılması məsələsini müzakirə etmək üçün yaxın vaxtlarda Moskvada xarici işlər nazirlərinin üçtərəfli görüşünü təşkil etməyə hazır olduğunu təsdiqləyib.
Görüş qarşılıqlı hörmət və konstruktiv şəraitdə keçib.