"Ötən beş il ərzində "Dəmir yumruq" "miatsum" adlanan "siyasi şizofreniya"dan erməni vətəndaşlarının 50%-ni sağaltdı".
Bu fikirləri Oxu.Az-a açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.
O bildirib ki, Azərbaycan sülh prosesini davam etdirmək istəyir:

"Sülhün təşəbbüskarı Azərbaycan olub. 2021-ci ildən beş baza prinsipini irəli sürmüşük. Ötən il, nəhayət, ABŞ-də Donald Trampın da iştirakı ilə sülh sazişi paraflandı. Sülh müqaviləsinin imzalanması üçün yeganə tələb Ermənistan Konstitusiyasında dəyişikliklərin edilməsidir. Həmin sənədin 202-ci maddəsində yazılıb ki, dəyişikliklər mütləq referendumla baş tutmalıdır. Referendumun keçirilməsinə isə mütləq çoxluq razılıq verməlidir. Bu da təxminən 75-76 deputat deməkdir. Hazırkı nəticələrə görə isə bu çoxluq Vətəndaş Müqaviləsi Partiyası tərəfindən təmin olunmayıb. Görünür, beş il ərzində erməni əhalisinin 50 faizi "xəstəlikdən müalicə olunub". Yerdə qalan əhali isə revanşistdir. Bu da problemdir".
Sabiq XİN rəhbəri bildirib ki, Ermənistanda hakimiyyət dəyişikliyi olsa, sülh prosesinə zərbə vurula bilər:
"Sabah Paşinyanı əvəz edən qüvvə fərqli bəyanatlar verə bilər. Bizdə isə başqa təcrübə var. Erməniləri sülhə gətirmək üçün biz "Dəmir yumruq" təcrübəsindən istifadə etməliyik. Cəmiyyət, dövlət olaraq hər şeyə hazır olmalıyıq. Hakim partiya müxalifətlə koalisiya yarada bilər. Lakin bir məsələ var: sanki Ermənistan "dərin dövləti" işğalçı ideyadan əl çəkməyib, ancaq görüntü yaratmaq istəyirlər ki, Paşinyan hakimiyyəti sülh istəyir. Səhərdən axşama qədər sülhdən danışırlar, amma işğal ideologiyasından əl çəkmirlər. Həmişə deyilir ki, kənar təsirlər sülhə mane olurlar. İndi də parlament vasitəsilə buna mane olmağa çalışacaqlar. Hazırkı məqamda mümkün qarşıdurma riskinə hazır olmalıyıq".