Kubra Məhərrəmova yazır...
Bu gün həm Rusiya, həm də Avropa İttifaqı üçün imtahan günüdür. Daha dəqiq desək imtahanın cavabının çıxdığı gündür.
Son illər Rusiyanın Cənubi Qafqazda əsas dayağı olan Ermənistan yavaş-yavaş lövbərini Rusiyanın təsir dairəsindən çəkib uzaq sahillərə doğru yol alır.
Təbii ki, bu, Rusiyanın heç də xoşuna gələn məqam deyil. Bütün geosiyasi, milli-təhlükəsizlik, iqtisadi maraqları bir tərəfə qoysaq belə, bu vəziyyətin Rusiyaya görə absurdluğu odur ki, Ermənistanı Rusiya imperiyası yaradıb. İmperiyanın varisi kimi daha sonra Rusiya əsrlər boyu maliyyələşdirdiyi, böyüdüb boya başa çatdırdığı obyektin Avropa İttifaqının balansına keçməsinə təəccüb edir. Lakin, burada heç bir təəccüblü məqam yoxdur.
Avropa İttifaqı üçün isə bu seçki fərqli məna daşıyır. Əgər Rusiya Ermənistanı öz təsir dairəsində saxlaya bilməməsinin nəticəsi ilə üz-üzədirsə, demək ki Brüssel illərdir apardığı siyasətin nəticəsini görmək mərhələsinə çatıb. Ermənistanı Rusiyanın orbitindən çıxarmaq nisbətən asan idi. Əsas sual isə bundan sonra başlayır: Avropa İttifaqı Ermənistanı iqtisadi, siyasi və təhlükəsizlik baxımından yeni sistemə inteqrasiya edə biləcəkmi? Bu gün İrəvandakı seçki qutularından çıxan nəticə təkcə Ermənistanın deyil, həm də Avropa İttifaqının Cənubi Qafqaz strategiyasının qiymətləndirilməsi olacaq.
Qayıdaq seçkiyə, Ermənistan müstəqillik əldə etdikdən sonra keçirilən bütün seçkilərdə Qarabağ məsələsi əsas siyasi mövzu, səfərbərlik vasitəsi olub. Siyasətçilər hakimiyyətə Qarabağ vədləri ilə gəlib, rəqiblərini Qarabağ üzərindən ittiham edib, cəmiyyəti Qarabağ şüarları ilə yönləndiriblər. Bu dəfə isə vəziyyət fərqlidir. İlk dəfədir ki, seçkinin əsas gündəmi Qarabağ deyil. Müzakirələr daha çox iqtisadiyyat, təhlükəsizlik, Avropa ilə münasibətlər və dövlətin gələcək inkişaf modeli ətrafında aparılır. Bu isə Ermənistanın siyasi düşüncəsində baş verən dəyişikliklərin ən aydın göstəricilərindən biridir.
Ermənistan 2020-ci ildə tarix boyu ilk dəfə özü üçün doğru nəticə çıxartdı. Başa düşdü ki, "Miatsum" arzusunun sonu yoxdur və bu xəstəlikdən can qurtarmaq lazımdır. "Miatsum" xəstəliyindən isə Ermənistanı heç şübhəsiz dünyada ilk dəfə uğurla tətbiq olunan Dəmir yumruq terapiyası xilas etdi.
Seçkiöncəsi Alen Simonyan da "DW"yə müsahibəsində bunu etiraf etdi:
"Tarixi Ermənistan" ideyasının ardınca gedə-gedə az qala "Real Ermənistan"ı itirəcəkdik".
Ümid edirik ki, bundan sonra xəstəlik residiv verməz və əlavə terapiyaya ehtiyac qalmaz.
Tarix isə sübut edir ki, heç kim birdən-birə ağıllanmır.
Buna səbəb lazımdır.
Səbəb isə ilk növbədə Azərbaycan dövlətinin ərazi bütövlüyünün təmin etməsi və regionda daşları yerinə oturtması Ermənistanı "ağıllandırdı".
Rasional düşüncə tərzinə üstünlük verməyə vadar etdi.
Ən yaxın keçmişə qayıdaq, Vaşinqton görüşündən sonra rəsmi Bakı "sözümüz imzamızdır" prinsipinə sadiq qalaraq anlaşmaların icrasına təkan verdi.
İlk növbədə şərti sərhəddə sülhün qorunması, təxribatların qarşısının alınması.
İkincisi yükdaşıma və ticarət əlaqələrinin yaradılması. Üçüncü ölkələrdən Ermənistana yük daşınmasına şərait yaradılması. Ermənistanın enerji təhlükəsizliyinə dəstək verilməsi. Vətəndaş cəmiyyəti üzvlərinin görüşləri, qarşılıqlı dialoq və səfərlərin təşkil olunması.
30 ildən çox davam edən aqressiv-düşmən münasibətinin sağlam məntiqə əsaslanan qonşuluq münasibətinə tez bir zamandan çevrilməsi təbii ki, mümkün deyil. Amma və lakin rəsmi Bakı əlini nəbzdə saxlayaraq, yayınmalara imkan vermir. Vəziyyətə tam nəzarət edir.
Rəsmi Bakının yürütdüyü siyasət illüziya və xəyallardan ibarət deyil. Sağlam məntiq və sərt strategiyadır.
İlk növbədə Ermənistanın konstitusiyasına dəyişiklik olunur, sonra isə sülh müqaviləsi nəhayət ki, imzalanır.
Heç bir tərəfin isə qarşı tərəfə ərazi iddiası olmur.
Bu məqamda bir gizli məsələ də var. Rəsmi İrəvan Qarabağ məsələsi bitdi ritorikasından seçkiqabağı istifadə etsə də, künc-bucaqda maraqlı "kartlar" gizlədib. Yaxud da gizli bombalar.
Bu, faktiki özü olmayan, lakin təzyiq vasitəsi kimi oynanıla biləcək məqamdır.
Qarabağ separatçı rejimi beynəlxalq hüquq baxımından tanınmasa da, ABŞ, Rusiya, Fransa, Almaniya, Avstraliya, Kanada və Livanda yaratdığı nümayəndəliklər vasitəsilə geniş lobbiçilik və təbliğat şəbəkəsi formalaşdırıb. İlk baxışdan "naiv" görünən bu təşkilatlar erməni diasporunun maliyyə, siyasi və informasiya resurslarının səfərbər edilməsində mühüm rol oynayır. Lazım olan məqamda Azərbaycan əleyhinə qanun və düzəlişlərin senat və digər qurumlarda qəbul olunmasından tutmuş, dünyanın istənilən media və informasiya qurumunda "fake" yalan məlumatların tirajlanmasına kimi işləyəcək mexanizmdir. Yəni ki, Qarabağ rejimi dağıdıldı, lakin Qarabağ infrastrukturunun bir hissəsi hələ də yaşayır.
Seçkidən sonra Ermənistan hakimiyyəti sonuncu müharibə baltasını məhz bu təşkilatların ləğv olunması ilə basdıra bilər.
Bununla da Cənubi Qafqazda nə qədər çətin olsa da, qan tökülməsinin qarşısı birdəfəlik alınacaq.