Cənubi Afrika Respublikasının (CAR) şimal-şərqində, Yohannesburqdan 80 km cənub-qərbdə yerləşən Vedela mədənçi qəsəbəsindəki barda azı 17 nəfər qətlə yetirilib.
Oxu.Az xəbər verir ki, bu barədə milli polis öz portalında dərc etdiyi məlumatda bildirib.
Hadisə nəticəsində daha 15 nəfər xəsarət alıb.
Qeyd olunub ki, "AK-47" avtomatları və tapançalarla silahlanmış səkkiz nəfərlik naməlum qrup məkana daxil olaraq atəş açıb. Atəş həm barın daxilindəki müştərilərə, həm də onun yaxınlığında olan insanlara qarşı açılıb. 13 kişi və 4 qadın öldürülüb. Qurbanların mobil telefonları götürülüb.
Hücum edənlər bir neçə avtomobili yandıraraq iki maşınla ərazidən uzaqlaşıblar. Cinayətkarların axtarışına polisin gücləndirilmiş bölmələri cəlb olunub. Hücum edənlərin motivləri aydın deyil. Hələlik heç kim həbs edilməyib.
CAR dünyada ən çox qətl törədilən ilk 10 ölkə sırasına daxildir. CAR polisinin məlumatına görə, cari ildə ölkədə gün ərzində orta hesabla 63 nəfər öldürülür.