Azərbaycan Xarici işlər Nazirliyi, Müdafiə Nazirliyi, Baş Prokurorluq və Füzuli rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycanda akkreditasiya olunmuş xarici KİV nümayəndələrinin, hərbi attaşelərin Füzuli rayonunun Alxanlı kəndinə səfəri təşkil olunub.
Oxu.Az Trend-ə istinadən xəbər verir ki, hərbi attaşelər və xarici KİV nümayəndələri Füzuli rayonunun Alxanlı kəndində erməni silahlılarının yaraladığı Sərvinaz Quliyevaya baş çəkiblər.
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev bildirib ki, erməni hərbi birləşmələri hər gün bu kəndi atəşə tutur: “Atəşkəs dövründə 900 şəhid vermişik. ATƏT və beynəlxalq qurumlar buna biganə münasibət bəsləyir. 25 ildir ki ermənilər hər gün cəbhəyanı əraziləri atəşə tutur. Beynəlxalq təşkilatlar və aparıcı ölkələr buna biganə yanaşır. Biz artıq heç bir beynəlxalq quruma inanmırıq. Hərbi attaşelər bunu dünya ictimaiyyətinə çatdırmalıdır”.
Səfər iştirakçıları daha sonra Alxanlı kəndində hadisənin baş verdiyi əraziyə baxış keçiriblər.
Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.
09:50
Azərbaycan Respublikası Xarici işlər Nazirliyi, Müdafiə Nazirliyi, Baş Prokurorluq və Füzuli rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycanda akkreditasiya olunmuş xarici KİV nümayəndələrinin, hərbi attaşelərin Füzuli rayonunun Alxanlı kəndinə səfəri təşkil olunub.
Bu barədə Oxu.Az-a Azərbaycan XİN sözçüsü Hikmət Hacıyev bildirib.
“Səfərdə “TRT”, “İhlas Haber Ajansı”, “MİR” Televiziyası, “Associated Press”, “RİA Novosti”, Amerikanın Səsi, “İnterfax”, “BBC” və digər xarici KİV nümayəndələri iştirak edir. Habelə, səfərdə 12 dövlətin 15 hərbi attaşesi iştirak edir. Bu sırada ABŞ, Rusiya Federasiyası, Pakistan İslam Respublikası, Çin Xalq Respublikası, Koreya, Türkiyə, Bolqarıstan, Çexiya, Ukrayna, Belarus hərbi nümayəndələri və Almaniya Federativ Respublikasının Azərbaycandakı Səfirliyinin diplomatı iştirak edirlər. Səfər çərçivəsində onlar iyul ayının 4-də Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin hədəflənmiş şəkildə atəşə tutması nəticəsində həlak olmuş Quliyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhranın həlak olduqları hadisə yeri ilə tanış olacaqlar və əraziyə baxış keçiriləcəkdir. Onlara baş vermiş hadisə barəsində yerindəcə ətraflı məlumat veriləcəkdir. Həmçinin onlar yaralı Quliyeva Sərvinaza baş çəkəcəklər”, - H.Hacıyev bildirib.
N.О.