Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Səfirliklərimizdə prezident seçkisi ilə əlaqədar səsvermə prosesi - YENİLƏNİB + FOTO/VİDEO
Azərbaycanda növbədənkənar prezident seçkisi ilə əlaqədar ölkəmizin ABŞ-nin paytaxtı Vaşinqtondakı səfirliyində keçirilən səsvermə yerli vaxtla saat 19:00-da başa çatıb.
Bu barədə Azərbaycanın Vaşinqtondakı konsulu Ceyhun Novruzov “Report”un ABŞ bürosuna açıqlamasında deyib.
Diplomat bildirib ki, ABŞ-də yaşayan və fəaliyyət göstərən 217 nəfər seçici səsvermədə iştirak edib: “Seçicilərin fəallığı baxımından səsvermə çox yüksək səviyyədə keçib. Səsvermə rəsmi olaraq başa çatdı və bundan sonrakı mərhələ səslərin sayılması prosesidir”.
01:01
Fevralın 7-də Almaniyanın Berlin şəhərində növbədənkənar prezident seçkisi ilə əlaqədar yaradılmış 17 saylı Yasamal III seçki dairəsi üzrə 42 saylı seçki məntəqəsi saat 19:00-da bağlanıb.
AZƏRTAC xəbər verir ki, növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkisindəki səsvermədə seçici aktivliyi müşahidə olunub.
Səsvermədə qanun pozuntuları müşahidə olunmayıb, ölkədə yaşayan Azərbaycan vətəndaşları sərbəst şəkildə öz səsvermə hüququndan istifadə ediblər.
00:26
Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkisi ilə əlaqədar Azərbaycan Respublikasının Polşa Respublikasındakı səfirliyində yaradılmış 16 saylı Yasamal ikinci seçki dairəsinin 55 saylı seçki məntəqəsində səsvermə prosesi yerli saatla 19:00-da başa çatıb.
AZƏRTAC xəbər verir ki, səsvermə tam azad, şəffaf və demokratik qaydada keçib. Səsvermə zamanı heç bir qanun pozuntusu qeydə alınmayıb və seçki komissiyasına hər hansı şikayət daxil olmayıb.
Məntəqə seçki komissiyasından verilən məlumata əsasən, növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkisinin seçiciləri səsvermə prosesində yüksək fəallıq göstəriblər.
00:19
Mərkəzi Avropa vaxtı ilə saat 19:00-da növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkisi ilə bağlı Mərkəzi və Avropa ölkələrindəki seçki məntəqələrində səsvermə başa çatıb.
AZƏRTAC xəbər verir ki, ölkəmizin səfirliklərində yaradılan bu məntəqələrdə seçicilərin indiyədək görünməmiş fəallığı qeydə alınıb. Xüsusən, Azərbaycanın Macarıstan və Çexiyadakı səfirliklərində fəaliyyət göstərən seçki məntəqələrində müvafiq olaraq aşağıdakı nəticələr qeydə alınıb: 287 seçicidən 222-si və 414 seçicidən 225-i səsvermədə iştirak ediblər.
Yuxarıda göstərilən məntəqələrin heç birində pozuntu qeydə alınmayıb.
07.02.2024 - 23:46
Azərbaycan Respublikasının Prezidenti seçkisi ilə əlaqədar Rumıniyadakı səfirliyimizdə yaradılan seçki məntəqəsi üzrə yerli vaxtla saat 19:00-da səsverməyə yekun vurulub. 19 saylı Nərimanov birinci seçki dairəsinin 41 saylı seçki məntəqəsində səsvermə prosesində seçicilərin yüksək fəallığı müşahidə olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Konstitusiyasına, Seçki Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun aparılan səsvermə 88 faiz seçici fəallığı ilə başa çatıb.
Məntəqədə Rumıniyada olan Azərbaycan Respublikası vətəndaşlarının səsvermədə iştirakı üçün bütün şərait yaradılıb. Məntəqə seçki komissiyasına hər hansı qanun pozuntusu barədə şikayət və irad daxil olmayıb.
23:38
Azərbaycan Prezidenti seçkisi ilə əlaqədar Fransada səsvermə prosesinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, Fransadakı vətəndaşlarımız Parisdəki səfirliyimizdə yaradılan 16 saylı Yasamal ikinci seçki dairəsinin 46 saylı seçki məntəqəsində Zəfər seçkisində fəal iştirak ediblər.
Həmvətənlərimizin səs verməsi üçün hər bir şərait yaradılmış və seçicilər sərbəst şəkildə səsvermə hüququndan istifadə etmişlər.
Tam azad, şəffaf və demokratik qaydada keçən səsvermə zamanı heç bir qanun pozuntusu qeydə alınmayıb, seçki komissiyasına hər hansı şikayət daxil olmayıb.
Fransa vaxtı ilə saat 19:00-da səsvermə prosesi başa çatıb və məntəqə bağlanıb. Seçki qutusunun açılması və səslərin sayılmasına başlanıb.
22:47
Azərbaycanın İsveçrə və Lixtenşteyndəki səfirliyində 16 saylı Yasamal ikinci seçki dairəsinin 51 saylı seçki məntəqəsində növbədənkənar prezident seçkisi ilə bağlı səsvermə prosesi yerli vaxtla saat 19:00-da uğurla başa çatıb.
AZƏRTAC xəbər verir ki, seçkidə yüksək seçici fəallığı müşahidə olunub. Seçki zamanı hər hansı qayda pozuntusuna rast gəlinməyib, seçki məntəqəsinin təhlükəsizliyi yerli hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilib.
21:03
Azərbaycanın Ukraynadakı səfirliyində yaradılan seçki məntəqəsində yerli vaxtla 19:00-da səsvermə başa çatıb.
“Report”un Şərqi Avropa bürosunun məntəqədən verdiyi məlumata görə, Azərbaycanda növbədənkənar prezident seçkisi ilə bağlı səsvermədə paytaxt Kiyev ilə yanaşı, regionlardan da gələn bu ölkədə yaşayan Azərbaycan vətəndaşları səs veriblər.
Ümumilikdə Ukraynada 600 seçici qeydiyyatda olub, bunlardan 40 faizdən çoxu səsvermədə iştirak edib. Gün ərzində Ukraynaya edilən kütləvi hava hücumları səbəbindən bir sıra vilayətlərdə yaşayan seçicilər əvvəldən planlaşdırsalar da, Kiyevə gələ bilməyiblər.
Azərbaycanın Ukraynadakı səfirliyi və diaspor seçicilərin vilayətlərdən Kiyevə səsverməyə gəlməsi üçün nəqliyyat ilə bağlı əvvəldən bütün ehtiyacları təmin ediblər.
20:23
Ölkəmizin Rusiyadakı səfirliyində Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı səsvermə başa çatıb.
“Report”un Rusiya bürosu xəbər verir ki, Azərbaycanın Moskvadakı səfirliyində yaradılan 19 saylı Nərimanov birinci seçki dairəsinin 42 saylı və 19 saylı Nərimanov birinci seçki dairəsinin 43 saylı seçki məntəqələrində 2 500-dən çox Azərbaycan vətəndaşı qeydiyyatdan keçib.
Moskva və Moskva vilayətində yaşayan 18 yaşına çatmış, daimi və ya uzun müddət Rusiya Federasiyasının ərazisində yaşayan Azərbaycan vətəndaşları səsvermədə iştirak etmək imkanına malik idilər. Səhər saat 8:00-dan açılmış məntəqələrdə Azərbaycan vətəndaşlarının səs verməsi üçün hər bir şərait yaradılıb, müasir texniki vasitələrlə təchiz olunub. Moskvanın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr sırasında seçkilərdə ilk dəfə iştirak edən gənclərə səfirlik tərəfindən xüsusi hədiyyələr də təqdim olunub.
Moskva vaxtı ilə saat 19:00-da məntəqələr bağlanıb. Seçki qutularının açılması və səslərin sayılması prosesinə başlanılıb.
20:05
Növbədənkənar prezident seçkisi çərçivəsində Türkiyə ərazisində səsvermə prosesi başa çatıb.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, səslərin sayılması prosesi başlayır.
Xatırladaq ki, seçki çərçivəsində Ankara şəhərində yerləşən səfirlikdə 46 və 47, İstanbuldakı baş konsulluqda 53 və 54, Qarsdakı baş konsulluqda 55 saylı seçki məntəqələri yaradılmışdı.
19:20
Azərbaycanda fevralın 7-də keçirilən növbədənkənar prezident seçkisi ilə əlaqədar ölkəmizin Amerika Birləşmiş Ştatlarının (ABŞ) Vaşinqton şəhərindəki səfirliyinin inzibati binasında yaradılan seçki məntəqəsində səsvermə başlayıb və seçicilərin aktivliyi müşahidə olunur.
Bu barədə “Report”un ABŞ bürosuna açıqlamasında Azərbaycanın ABŞ-dəki səfirliyinin mətbuat katibi Cəmilə Məmmədova deyib.
O bildirib ki, 17 saylı Yasamal üçüncü seçki dairəsinin nəzdində yaradılmış 43 saylı seçki məntəqəsində səsvermə yerli vaxtla saat 8:00-da başlayıb:
“Seçki Məcəlləsinin 36-cı maddəsinə uyğun olaraq ABŞ-dəki səfirlikdə seçki məntəqəsi fəaliyyətə başlayıb. Azərbaycanın Vaşinqtondakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim və səfirliyin əməkdaşları səsvermədə iştirak ediblər. ABŞ-də təhsil alan azərbaycanlı tələbələr, eləcə də yerli icmamızın üzvləri öz vətəndaşlıq vəzifələrini icra edərək səsvermədə iştirak edirlər. Onların sərbəst şəkildə səs vermələri üçün hər cür şərait yaradılıb”.
Səsvermə yerli saatla 19:00-da başa çatacaq.
Qeyd edək ki, növbədənkənar prezident seçkisi ilə bağlı Azərbaycanda keçirilən səsvermə artıq başa çatıb.
Proud Citizen of a Proud Nation 🇦🇿 pic.twitter.com/L3IDu3ZLzD
— Khazar Ibrahim (@hazar_khazar) February 7, 2024
19:12
Növbədənkənar prezident seçkisi ilə əlaqədar Azərbaycanın Tbilisidəki səfirliyində, Batumi şəhərindəki baş konsulluğunda keçirilən səsvermə yerli vaxtla saat 19:00-da başa çatıb.
“Report”un yerli bürosu xəbər verir ki, ölkəmizin Gürcüstandakı səfiri Faiq Quliyev bildirib ki, 16 saylı Yasamal ikinci seçki dairəsinin nəzdində yaradılmış 47 saylı seçki məntəqəsində vətəndaşlarımız yüksək fəallıq göstəriblər. Seçicilərin 89,04 faizi səs verib. Səsvermə tam azad, şəffaf və demokratik qaydada keçib. Heç bir qanun pozuntusu qeydə alınmayıb.
Baş konsul Pərviz İsmayılzadə də “Report”un yerli bürosuna bildirib ki, 16 saylı Yasamal ikinci seçki dairəsinin nəzdində yaradılmış 57 saylı seçki məntəqəsində Batumidə müvəqqəti yaşayan, işləyən və təhsil alan Azərbaycan vətəndaşları səsvermədə yüksək fəallıq göstəriblər. Seçicilərin 100 faizi səsvermədə iştirak edib.
18:36
Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğunda yerli vaxtla saat 17:00-a olan məlumata görə 839 seçici səs verib.
Bu barədə "Report"un Rusiya bürosuna konsulluqdan məlumat daxil olub.
Baş Konsulluqdakı seçki məntəqəsinin seçici siyahısında 1 030 nəfər seçici qeydə alınıb.
Səsvermənin gedişi prosesində MDB Parlamentlərarası Assambleyasının (PA) müşahidəçiləri məntəqəyə gəliblər.
MDB Parlamentlərarası Assambleyasının Demokratiyanın İnkişafının Monitorinqi Beynəlxalq İnstitutunun eksperti Stanisalv Tkaçenko bildirib ki, MDB PA-nın müşahidəçiləri həm səsvermənin gedişini, həm də səslərin hesablanması prosesini müşahidə edəcəklər.
Qeyd edək ki, növbədənkənar prezident seçkisi ilə əlaqədar Rusiyada 4 seçki məntəqəsi yaradılıb. Sankt-Peterburqdakı Baş Konsulluğumuzda 19 saylı Nərimanov birinci seçki dairəsinin 44 saylı seçki məntəqəsi fəaliyyət göstərir.
18:31
Növbədənkənar prezident seçkisi üzrə Azərbaycanın Pakistandakı səfirliyində yaradılmış 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə 54 saylı məntəqədə səsvermə prosesi yerli vaxtla saat 19:00-da başa çatıb.
Diplomatik nümayəndəlikdən “Report”a verilən məlumata görə, səfirlikdə yaradılan məntəqədə Pakistanda yaşayan Azərbaycan vətəndaşları ilə yanaşı, müxtəlif səbəblərdən bu gün İslamabadda olan səsvermə hüququna malik seçicilər də səs veriblər.
18:08
Növbədənkənar prezident seçkisi üzrə Azərbaycanın Türkmənistandakı səfirliyində yaradılmış 48 nömrəli seçki məntəqəsində gün ərzində seçicilərin fəal iştirakı ilə müşayiət olunan səsvermə prosesi yerli vaxtla saat 19:00-da başa çatıb.
Səfirlikdən “Report”a verilən məlumata görə, seçicilərin 90 faizindən çoxunun məntəqəyə gələrək səsvermədə iştirak etdiyi məlum olub.
Seçicilər Azərbaycanın Türkmənistandakı səfirliyində ilk dəfə səsvermə üçün yaradılan şəraitə görə məmnun qaldıqlarını bildirib və məntəqə seçki komissiyasının işindən razılıqlarını diqqətə çatdırıblar.
Hazırda məntəqə seçki komissiyasında səslərin hesablanması prosesi həyata keçirilir.
17:06
Azərbaycanın Qazaxıstandakı səfirliyində növbədənkənar prezident seçkisi ilə əlaqədar səsvermə başa çatıb.
APA-nın Mərkəzi Asiya üzrə müxbiri xəbər verir ki, seçki ilə əlaqədar səsvermə Qazaxıstan Respublikasındakı səfirliyimizdə yaradılan seçki məntəqəsində yerli vaxtla səhər saat 8:00-dan başlayıb.
16:15
Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev və Serbiyadakı səfiri Kamil Xasıyev də növbədənkənar prezident seçkisində iştirak ediblər.
Oxu.Az-ın məlumatına görə, onlar Azərbaycanın Macarıstandakı səfirliyində yaradılmış seçki məntəqəsində səs veriblər.
15:45
Növbədənkənar prezident seçkisi ilə əlaqədar Azərbaycanın Özbəkistandakı səfirliyində yaradılan seçki məntəqəsində də səhər saatlarından seçici fəallığı müşahidə olunur.
AZƏRTAC xəbər verir ki, Daşkənd şəhəri və ətrafında yaşayan, yaxud uzunmüddətli ezamiyyətdə olan 18 yaşına çatmış, aktiv seçki hüququna malik Azərbaycan vətəndaşları etibarlı pasportunu məntəqə seçki komissiyasına təqdim etməklə səsvermədə iştirak edirlər.
15:11
Azərbaycan prezidentinin seçkisi üzrə Rumıniyada səsvermədə aktivlik müşahidə olunur.
Azərbaycanın Rumıniyadakı səfirliyindən “Report”un Şərqi Avropa bürosuna verilən məlumata görə, qeydiyyatda olan seçicilərin 45%-i artıq səs verib.
“Rumıniyada 66 nəfər seçici qeydiyyatdan keçib. Saat 12:00-dək 23 nəfər səs verib. Hal-hazırda 30 nəfər səs verib, bu da ümumi seçicilərin 45%-ni təşkil edir”, - səfirlikdən bildirilib.
13:01
Fevralın 7-də Azərbaycandakı növbədənkənar prezident seçkisi ilə əlaqədar ölkəmizin Pakistandakı səfirliyində də səsvermə keçirilir.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, Pakistanda yaşayan və ya uzunmüddətli xarici ezamiyyətdə olan Azərbaycan vətəndaşlarının Seçki Məcəlləsinə uyğun olaraq səsvermə hüququnun təminatı üçün səfirlikdə 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə 54 saylı məntəqə seçki komissiyası yaradılıb.
Səfirlikdə yaradılan məntəqədə bu ölkədə yaşayan vətəndaşlarımızla yanaşı, müxtəlif səbəblərdən həmin gün İslamabadda olacaq səsvermə hüququna malik seçicilər də səs verə biləcəklər.
Qeyd edək ki, Azərbaycanın Pakistandakı səfirliyində ilk dəfədir seçki məntəqəsi yaradılıb və səsvermə keçirilir.
12:00
Azərbaycandakı növbədənkənar prezident seçkisi ilə əlaqədar Fransanın paytaxtı Parisdəki seçki məntəqəsində səsvermə başlayıb.
“Report”un Fransa bürosu xəbər verir ki, yerli vaxtla səhər saat 08:00-da Azərbaycanın Fransadakı səfirliyinin Mədəniyyət Mərkəzində yaradılan seçki məntəqəsində səsverməyə start verilib.
Məntəqə bütün ləvazimatlarla təchiz edilib. Fransada yaşayan Azərbaycan vətəndaşları seçkilərdə fəallıq nümayiş etdirirlər.
11:51
Bu gün yerli vaxtla səhər saat 08:00-da Azərbaycanın Ukraynadakı səfirliyindəki 17 saylı Yasamal üçüncü seçki dairəsinin 49 nömrəli məntəqəsi səsvermə başlayıb.
Baku TV xəbər verir ki, Ukraynada 600 Azərbaycan vətəndaşı olan seçici qeydiyyatdadır.
Seçicilər Xarkov, Odessa, Lvov, Sumı, Poltava və digər vilayətlərdən səs verirlər.
09:10
Növbədənkənar prezident seçkisi ilə əlaqədar Azərbaycanın Rusiyadakı səfirliyində yaradılmış seçki məntəqəsində səsvermə başlayıb.
APA-nın Rusiya bürosu xəbər verir ki, Moskvanın Voznesenski döngəsi 15 ünvanında yerləşən 19 saylı Nərimanov rayonu seçki dairəsi üzrə 42 və 43 saylı seçki məntəqəsinin qapıları yerli vaxtla 08:00-da açılıb.
Moskva və Moskvaətrafında daimi və ya müvəqqəti yaşayan, yaxud uzunmüddətli ezamiyyətdə olan 18 yaşına çatmış, aktiv seçki hüququna malik Azərbaycan vətəndaşları etibarlı pasportunu və ya şəxsiyyət vəsiqəsini məntəqə seçki komissiyasına təqdim etməklə səsvermədə iştirak edirlər.
Qeyd edək ki, Rusiyada daimi və müvəqqəti yaşayan Azərbaycan vətəndaşlarının prezident seçkisində səsvermə hüququndan istifadə edə bilmələri üçün təkcə Moskvadakı səfirliyimizdə deyil, ölkəmizin Sankt-Peterburq və Yekaterinburq şəhərlərindəki Baş konsulluqlarında da seçki məntəqələri yaradılıb. Rusiyanın Şimal Qərb federal dairəsinə daxil olan regionlarda yaşayan Azərbaycan vətəndaşları Sankt-Peterburqdakı, Ural, Sibir və Uzaq Şərq dairəsinə daxil olan regionlarda yaşayan vətəndaşlarımız isə Yekaterinburqdakı Baş konsulluqlarımızda açılan seçki məntəqələrində səsvermədə iştirak edirlər.
Azərbaycandakı növbədənkənar prezident seçkisi ilə bağlı Rusiyanın üç şəhərində fəaliyyət göstərən seçki məntəqələri yerli vaxtla saat 08:00-dan 19:00-dək açıq olacaq.
Seçki məntəqələrinin ünvanları: Moskva şəhəri, Voznesenski döngəsi 15; Sankt-Peterburq şəhəri, 2-ci Sovetskaya küçəsi 27; Yekaterinburq şəhəri, Karl Liebknext küçəsi 5.
08:24
Fevralın 7-nə təyin olunmuş növbədənkənar Azərbaycan Respublikası prezidenti seçkisi ilə əlaqədar Azərbaycanın Gürcüstandakı səfirliyində 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə 47 saylı Məntəqə Seçki Komissiyası (MnSK) yaradılıb.
“Report”un yerli bürosu xəbər verir ki, fevralın 7-də səhər saat 8:00-da məntəqə açılıb və səsvermə başlayıb.
Məntəqə Seçki Komissiyasının sədri, səfir Faiq Quliyev bildirib ki, bu seçki ölkəmiz üçün tarixi hadisədir. Müstəqilliyin bərpasından sonra ilk dəfədir ki, Azərbaycanın bütün bölgələrində prezident seçkisi keçirilir.
Onun sözlərinə görə, hazırda Gürcüstanda çalışan, təhsil alan, müvəqqəti ezamiyyətdə olan 18 yaşına çatmış və səsvermə hüququna malik Azərbaycan Respublikasının vətəndaşları bu gün səfirlikdə istədikləri namizədə səs verə biləcəklər. Bunun üçün səfirlikdə hər cür şərait yaradılıb.
Vətəndaşları fəal səsverməyə dəvət edən səfir özü ilk növbədə səs verib.
Diplomat səfirlik əməkdaşlarına və səs vermək üçün səfirliyə gələn insanlara uğurlar arzulayıb.
Qeyd edək ki, səsvermə Tbilisi vaxtı ilə saat 19:00-da başa çatacaq.
Növbədənkənar prezident seçkisi ilə əlaqədar dünyanın 37 ölkəsində 49 seçki məntəqəsi yaradılıb. Onlardan ikisi Gürcüstan ərazisindədir.
16 saylı Yasamal ikinci seçki dairəsi üzrə 47 saylı Məntəqə Seçki Komissiyası (MnSK) ölkəmizin Tbilisidəki səfirliyində, yaradılıb 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə 41 saylı Məntəqə Seçki Komissiyası isə Batumidə yaradılıb.
Hər iki məntəqədə səsvermə başlayıb.