Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Şeradil Baktıqulov: “Azərbaycanın İrandakı səfirliyinə hücum terror aktıdır” - Qırğızıstandan MÜSAHİBƏ
“Türk Dövlətləri Təşkilatına üzv ölkələr dünya arenasında getdikcə daha nüfuzlu oyunçuya çevrilirlər”.
Bu sözləri qırğızıstanlı analitik, Dünya Siyasəti İnstitutunun (Bişkek) direktoru Şeradil Baktıqulov Oxu.Az-a müsahibəsində deyib.
“Hesab edirəm ki, Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr xarici siyasət məsələləri üzrə səylərini daha geniş şəkildə əlaqələndirməlidirlər. Və dərhal qeyd edim, təbii ki, Azərbaycanın İrandakı səfirliyinə hücum terror aktıdır. TDT-yə daxil olub-olmamasından asılı olmayaraq istənilən dövlət bu terror aktını qınamalı, Azərbaycanla həmrəyliyini ifadə etməlidir.
Eyni şey Quranın yandırılmasına da aiddir. Bizim dövlətlər dünyəvi dövlətlərdir, lakin vətəndaşların əksəriyyəti İslam dininə etiqad edirlər. Bu isə Avropada qəzəb doğurmaya bilməz. Yenə də bu, TDT üzvü olmayan digər ölkələrə də aid edilməlidir və onlar da bu cür davranışları pisləməlidirlər.
Mən həmçinin qeyd etmək istərdim ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələr dünya arenasında getdikcə daha nüfuzlu oyunçuya çevrilirlər”, - deyə Şeradil Baktıqulov vurğulayıb.
Qırğızıstanlı analitik TDT daxilində hərbi-siyasi birliyin yaradılması perspektivləri ilə bağlı da fikirlərini bildirib.
“Perspektiv olaraq bu tamamilə mümkündür. Hər şey dünyada vəziyyətin gələcək inkişafından və TDT ölkələrinin öz təhlükəsizliklərini təmin etmək istəyindən asılı olacaq. Bu cür əməkdaşlıq artıq başlayıb, genişmiqyaslı olmasa da, birgə təlimlər keçirilir, Türk Dövlətləri Təşkilatına üzv olan müxtəlif ölkələrin hərbi qulluqçuları arasında təcrübə mübadiləsi aparılır. Qırğızıstanda artıq Türkiyə hərbçilərinin iştirakı ilə təlimlər keçirilib”, - deyə o qeyd edib.
Baktıqulov həmçinin mövcud təhdidlərdən də danışıb və onlar arasında ilk növbədə terror təşkilatlarının, müxtəlif növ radikalların fəaliyyətini misal çəkib. “Hər halda bizə özümüzdən başqa heç kim kömək etməyəcək”, - deyə o əlavə edib.
Analitik eyni zamanda mülki müdafiə üzrə əməkdaşlığın önəmindən danışıb. “Mülki müdafiə məsələlərində əməkdaşlıq edilməsi, təbii fəlakətlərin və kütləvi xəstəliklərin nəticələrinin aradan qaldırılması vacib əhəmiyyət kəsb edir. Hətta ABŞ kimi böyük və zəngin ölkələr belə bəzən təbii fəlakətlərin və ya pandemiyanın nəticələrinin öhdəsindən gəlməkdə çətinlik çəkir. Xatırlayın, ABŞ-də COVID-19 səbəbilə çox sayda insan həyatını itirdi, amerikalılar çox kədərli bir rekorda imza atdılar”, - deyə o fikrini yekunlaşdırıb.
Nair Əliyev
"COVID-19" teqi üzrə xəbərlər
- Feminist "Yuva" maliyyə sxemlərinin qovşağı olub: 700 minlik oyun
- ÜST Konqoda sirli xəstəliyi araşdırır: 400-dən çox yoluxma, onlarla ölüm
- COVID-19-a qarşı daha bir vaksin hazırlanıb
- Koronavirusun beyinə necə sızdığı müəyyən edildi: Türkiyəli alimdən sensasion kəşf
- ABŞ Konqresindən sensasiyalı araşdırma: COVID-19 laboratoriyadan "qaçıb" - FAKTLAR