Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İsveçrədəki törəməsi olan "SOCAR Energy Switzerland" şirkəti ölkənin Kölliken-Nord istirahət zonasında A1 milli şosesi boyunca elektrikli yük avtomobilləri üçün ilk sürətli enerjidoldurma stansiyasını istifadəyə verib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə İsveçrənin "Landanzeiger.ch" nəşri məlumat verib.
Nəşr bildirir ki, bu, ağır yükdaşımalarında elektromobilliyin inkişafı üzrə mühüm mərhələ olub.
400 kVt-a qədər doldurma gücü ilə yeni stansiya, hətta böyük akkumulyator tutumlarında belə qısa müddətdə doldurma müddətini təmin edir. İsveçrənin ən mühüm tranzit yollarından birində yerləşməsi isə stansiyanı ağır yükdaşımalarında planlı aralıq yükləmələr üçün ideal edir.
Qeyd edilir ki, Köllikendə baş tutan bu açılış daha böyük proqramın bir hissəsidir. Belə ki, "SOCAR" 2026-cı ilin sonuna kimi İsveçrənin mərkəzi logistik marşrutlarında minik və yük avtomobilləri üçün 100-ə yaxın sürətli enerjidoldurma stansiyası quraşdırmağı planlaşdırır.
