Dövlət Təhlükəsizliyi Xidməti kompleks əks-kəşfiyyat tədbirləri nəticəsində İran İslam Respublikasının xüsusi xidmət orqanı olan SEPAH tərəfindən Azərbaycanda həyata keçirilməsi planlaşdırılan terror-təxribatları və kəşfiyyat xarakterli məlumatların toplanılmasının qarşısını alıb.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.
Cəmiyyət arasında vahimə yaratmaq, ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirmək məqsədilə strateji obyekt olan Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, İsrailin Azərbaycandakı səfirliyi, dağ yəhudiləri dini icmasının rəhbərlərindən biri və "Aşkenazi" sinaqoqu hədəf alınıb. Ölkə ərazisinə üç ədəd partlayıcı qurğu keçirilib, amma həmin partlayıcılar zərərsizləşdirilərək digər şəxsə ötürülməsinin qarşısı alınıb. İran xüsusi xidmət orqanlarının ölkəmizdə maraq göstərdiyi strateji obyektlər, hədəflər, eləcə də onlarla əməkdaşlıq edən şəxslərin müəyyən olunması məqsədilə əməliyyat axtarış tədbirləri təşkil edilib.
Məlum olub ki, İran İslam Respublikasının vətəndaşları - Behnam Sahibali Rustamzada və Yaser Rahim Zandkian qabaqcadan əlbir olaraq ölkə ərazisinə partlayıcı qurğu keçirmək üçün Tərxan Tərlan oğlu Quliyevlə cinayətkar əlaqə yaradıb. İran İslam Respublikasının vətəndaşı Yaser Rahim Zandkianın tapşırığı ilə Səbail rayonu, Şıxov qəsəbəsi yaxınlığında qoyulmuş bir ədəd naməlum konteyner müəyyən edilib. Konteynerə baxış zamanı, içərisində obyektlərin, eyni zamanda beton qurğuların partladılması üçün nəzərdə tutulmuş 7 kq 730 qram ağırlığında olan "C-4" partlayıcı maddənin olduğu aşkarlanıb. Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyat çəkilişləri zamanı Tərxan Quliyevin Nicat Ağayevlə birlikdə avtomobillə gələrək konteyneri qoyulduğu yerdən götürdüyü və sonrakı günlərdə Bakı şəhəri, Nəsimi rayonunda partlayıcı qurğunu gizlətdikləri müəyyən edilib.
Daha sonra SEPAH-la birbaşa əlaqələri olan İran İslam Respublikasının vətəndaşı Hosein Savar Saber Azarundbilehın tapşırığı ilə ölkə ərazisinə yenidən içərisində partlayıcı qurğu olan konteynerin keçirildiyi məlum olub. Onun içərisində uzaqdan idarə olunan, "C-4" tipli iki ədəd partlayıcı qurğu olub. Əvvəlcədən cinayətkar əlaqənin yaradıldığı Azərbaycan vətəndaşı Əsəd Tofiq oğlu Abdullayev gizli saxlanc yerinə gələrək konteyneri götürüb. Bu barədə əvvəlcədən məlumat alındığından həmin halın təsbit edilməsi üçün saxlanc yeri Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən gizli video müşahidə ilə təchiz edilib. Sonrakı gün Rəşad Rüstəmov və Əsəd Abdullayevin birlikdə Qobustan rayonunun Şıxlar qəsəbəsi, Bağlar massivindəki məlum gizli saxlanc yerindən konteyneri götürərək bağlamanı Ə.Əbdullayevin yaşadığı evin yaxınlığında gizlətdiyi aşkarlanıb. Azərbaycan vətəndaşları ilə cinayətkar əlaqə yaradan İran vətəndaşlarının narkotik maddələrin qaçaqmalçılığı ilə məşğul olmaları ilə yanaşı, İslam İnqilabi keşikçiləri Korpusu ilə birbaşa əlaqələrinin olduğu təsbit edilib.
Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikasında kəşfiyyat xarakterli məlumatların toplanılması, terror-təxribat və sui-qəsd aktlarının planlaşdırılmasını təşkil edən SEPAH-ın əlaqə saxladığı şəxslərin dairəsi müəyyən edilib. Belə ki, Bakı şəhəri, Qaradağ rayonunun Səngəçal qəsəbəsində körpünün altına partlayıcı qurğunu yerləşdirəcək şəxsə 50 000 ABŞ dolları vəd edən İran İslam Respublikasının vətəndaşı Sajjad Moghadam Sati Sofi Evad Sheikhzadeh işi görəcək şəxsin axtarışında olub. Eyni zamanda, S.Sheikhzadehin Azərbaycan Respublikasında yaşayan yəhudiəsilli şəxslərə qarşı sui-qəsd planlarının hazırlanmasında SEPAH-dan xüsusi tapşırıqlar aldığı məlum olub.
SEPAH tərəfindən bundan öncəki üç partlayıcı qurğunun yeri etibar etdikləri şəxslərin təşəbbüskarlarla əlaqəni kəsməsi səbəbindən müəyyən edilməyib. Buna görə də, İran İslam Respublikasının vətəndaşı Hafez Tavassolinin təşəbbüsü ilə növbəti partlayıcı qurğunun keçirilməsi təmin edilib. Belə ki, paytaxtın Qaradağ rayonunda yerləşən Gəmiqayırma Zavodunun yaxınlığında bir ədəd 1 280 qram çəkidə partlayıcı qurğu müəyyən edilib. Həmin partlayıcının öldürücü qüvvəsinin təsir dairəsi 250-300 metr məsəfadədir. SEPAH-ın əlaqələndirici agenti kimi müəyyən edilmiş Hafez Tavassoli, Xədicə Zakir qızı Ağayeva ilə əlaqə yaradıb, qutunu özündə iki gün saxlamasını istəyib. Göndərilmiş koordinatdan bağlamanı təhvil alan Azərbaycan vətəndaşı sonrakı günlərdə həmin qutunu Masazır qəsəbəsində gizli yerə qoyub.
Xədicə Ağayeva bir nəfərin motosikletlə yaxınlaşıb bağlamanı götürdüyünü müşahidə etdikdən sonra, H.Tavassoliyə bu barədə məlumat verib. Ağayeva partlayıcı maddəni Masazır qəsəbəsi ərazisində əvvəlcədən razılaşdırılmış yerə qoyduqdan sonra Sajjad Sheikhzadeh Moghaddam Sati Sofli Evadın tapşırığı ilə Elvin Bəhruz oğlu Əhmədov partlayıcı qurğunu götürərək yaşadığı Biləcəri qəsəbəsindəki həyət evinin ətrafında gizlədib.
Eyni zamanda, İran İslam Respublikasının vətəndaşı Hafez Tavassoli tərəfindən ictimai xadimin həyatına sui-qəsd cinayəti törətmək məqsədilə, Azərbaycan Respublikasının vətəndaşı Nərminə Ramiz qızı Şabanova ilə əlaqə saxlanılıb və ictimai xadimin işlədiyi ünvana getməsi, həmin yerin, eləcə də sözügedən şəxsin fotoşəkillərinin çəkilməsi barədə tapşırıqlar verilib. Bununla yanaşı, Şabanova SEPAH-dan ictimai xadimin öldürülməsi üçün üçüncü ölkə ərazisindən Azərbaycana göndərilmiş əcnəbi vətəndaşın qarşılanması, hoteldə yerləşdirilməsi və cinayəti törətmək məqsədilə silah və nəqliyyat vasitəsi tapmasına dair təlimat da alıb. Məhz bu məqamda Naib Ağaismi oğlu İsmiyev 80 000 manat müqabilində ictimai xadimi öldürə biləcəyini Nərminə Şabanovaya bildirib. Bununla əlaqədar, Naib İsmiyev ictimai xadimin iş yerinə gedərək, cinayəti icra etməyi və icra etdikdən sonra hadisə yerindən qaçıb gizlənməyi planlaşdırmaq üçün mobil telefonu ilə həmin yerin videoçəkilişlərini aparıb və cinayətkar qrupun üzvü Nərminə Şabanovaya göndərib. Eyni zamanda onlar cinayəti icra etmək məqsədilə odlu silah, habelə digər alət və vasitələr axtarmaq və əldə etmək barədə sövdələşməklə ictimai xadimin həyatına sui-qəsd cinayətinə hazırlıq həyata keçiriblər.
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilmiş qabaqlayıcı təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində, qeyd olunan xüsusilə ağır cinayətlərin qarşısı alınıb. Belə ki, Tərxan Tərlan oğlu Quliyev, Nicat Zaman oğlu Ağayev, Əsəd Tofiq oğlu Abdullayev, Rəşad Fərhad oğlu Rüstəmov, Xədicə Zakir qızı Ağayeva, Elvin Bəhruz oğlu Əhmədov, Nərminə Ramiz qızı Şabanova və Naib İsmixan oğlu İsmiyev törətdikləri əməlləri, eləcə də SEPAH-la əlaqəli şəxslərin tapşırığı ilə partlayıcı qurğunu götürdüklərini, sui-qəsd planları ilə əlaqədar tapşırıqları icra etdiklərini etiraf ediblər.
Qeyd edilən müddət ərzində ölkəmizə qarşı birbaşa terror aktlarını təşkil edən şəxsin SEPAH-ın Kəşfiyyat Təşkilatının zabiti, polkovnik hərbi rütbəli Ali Asghar Bordbar Sheraminin olduğu aşkar edilib.
Ölkə ərazisində sabitliyi pozmaq, əhali arasında vahimə yaratmaq məqsədilə kəşfiyyat xarakterli məlumatların toplanılması və terror-təxribat aktlarının təşkilində iştirakı müəyyənləşən İran İslam Respublikasının vətəndaşları Yaser Rahim Zandkian, Behnam Sahibali Rustamzada, Hafez Tavassoli, Sajjad Moghadam Sati Sofi Evad Sheikhzadeh barəsində beynəlxalq axtarış elan olunub.
Keçirilmiş əməliyyat-istintaq tədbirləri zamanı cinayət əməllərində iştirakları aşkarlanan Azərbaycan vətəndaşları barəsində də qərarlar qəbul edilib. Belə ki Tərxan Tərlan oğlu Quliyev və Nicat Zaman oğlu Ağayev, Əsəd Tofiq oğlu Abdullayev və Rəşad Fərhad oğlu Rüstəmov Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirli bilinərək altı il altı ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.
Nərminə Ramiz qızı Şabanova və Naib Ağaismi oğlu İsmiyev CM-in 28, 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etməyə hazırlıq), Elvin Bəhruz oğlu Əhmədov isə CM-in 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunaraq barələrində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib. Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsi tərəfindən toplanmış materiallar məhkəməyə göndərilib.
Xarici xüsusi xidmət orqanları tərəfindən Azərbaycan Respublikasında terror-təxribat və sui-qəsd aktlarının planlaşdırılmasını təşkil edən, eləcə də onlarla əməkdaşlıq edən şəxslərin dairəsinin müəyyən olunması məqsədilə kompleks istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Məhz bu səbəbdən də əhali ayıq-sayıq olmağa çağrılır, sonu azadlıqdan məhrumetmə ilə nəticələnən hər bir cinayətdən çəkinmək tövsiyə olunur.