Nazirlər Kabinetində “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası üzrə görülmüş işlərin nəticələrinə həsr olunmuş iclas keçirilib.
Nazirlər Kabinetindən verilən məlumata görə, Prezident İlham Əliyevin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın həyata keçirilməsi ilə bağlı görülən işlər və tədbirlərin icra vəziyyəti barədə ildə iki dəfə Azərbaycan Prezidentinə məlumatın verilməsi Nazirlər Kabinetinə tapşırılıb.
Noyabrın 6-7-də Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədovun rəhbərliyi ilə “Strategiya”da nəzərdə tutulan tədbirlərin icrasının nəticələri haqqında iclas keçirilib. İclasda “Strategiya”nın məqsədləri üçün yaradılan səkkiz İşçi Qrupun üzvləri və əsas icraçı olan aidiyyəti dövlət qurumlarının rəhbər müavinləri iştirak ediblər.
İclasda “Strategiya”da nəzərdə tutulmuş tədbirlərin icrası üzrə işlərin gedişinə nəzarətin birbaşa operativ, vaxtında və effektiv təmini məqsədilə yaradılmış çoxfunksional rəqəmsal platformanın Elektron Portalın təqdimatı (azerbaijan2030.gov.az) keçirilib, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı “Strategiya” qəbul olunandan sonra, o cümlədən 2023-cü ilin birinci yarımilliyi üzrə “Strategiya”nın icrası istiqamətində aparılmış monitorinqin nəticələri barədə hazırlanmış hesabatla çıxış edib və ətraflı müzakirələr aparılıb.
İclasın yekununda “Strategiya”da nəzərdə tutulan tədbirlərin icrası prosesində qarşıya çıxan çətinliklərin həlli üçün aidiyyəti dövlət qurumlarına müvafiq tapşırıqlar verilib.