"Azərbaycanda iqtisadi artımın daha da sürətləndirilməsi üçün geniş investisiya imkanları mövcuddur".
Oxu.Az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı IX Beynəlxalq Bankçılıq Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, makro səviyyədə buraxılış kəsirinin mövcudluğu iqtisadi artımın daha dinamik şəkildə genişlənə biləcəyini göstərir:
"İqtisadi artımı stimullaşdıracaq əsas istiqamət investisiya xətti olacaq. Hazırda 2027-30-cu illər üçün sosial-iqtisadi inkişaf strategiyası üzərində işlər aparılır və sənəddə 10 milyard manatdan artıq əsaslı vəsait qoyuluşu nəzərdə tutulur.
Eyni zamanda, "Böyük Qayıdış" proqramı çərçivəsində 2027-30-cu illərdə 13.2 milyard manatlıq investisiya yatırılması planlaşdırılır".
Vüsal Qasımlı əlavə edib ki, yaxın illərdə həyata keçirilməsi planlaşdırılan iri layihələr də mövcuddur:
"Onlardan biri Xəzər dənizinin suyun təmizlənməsi və duzsuzlaşdırılması layihəsidir ki, dəyəri 400 milyon manatı ötür. Su və nəqliyyat strategiyalarının icrası üçün isə 2027-30-cu illər üzrə 5-10 milyard manatlıq investisiya paketi müzakirə edilib".
Onun sözlərinə görə, ümumilikdə, 2020-30-cu illər ərzində dövlətin əsaslı vəsait qoyuluşu illik, təxminən, dörd milyard manat səviyyəsində olacaq.
Aqil Vəlili