Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Suriyanın yeni konstitusiyasında nələr öz əksini tapacaq?
Suriyada keçid hökuməti yeni konstitusiya layihəsinin hazırlığını davam etdirir. Yeni qanuna mövcud konstitusiyadan nələr daxil edilə bilər? Yeniliklər nədən ibarət olacaq? Ümumiyyətlə, yeni quruluş ölkəyə nə vəd edir?
Mövzu ilə bağlı Oxu.Az-a danışan türkiyəli politoloq, professor Hüsamettin İnanç bildirib ki, yeni konstitusiya keçid mərhələsinin ən mühüm elementlərindən biridir:
"Çünki bu konstitusiyada mühüm olan əsas məqam ondan ibarətdir ki, sənəd müxtəlif etnik və dini mənsubiyyətlərin maraqlarını özündə birləşdirməlidir. Lakin tələb olunan daha mühüm məsələ unitar dövlət sisteminin olmasıdır. Yəni burada heç bir federal element olmamalıdır. Bundan başqa, vahid ordu xaricində heç bir silahlı qruplaşmalar olmamalıdır. Nəticədə bütün bunları əhatə edən vahid milli dövlətçilik amili üstünlük təşkil etməlidir. Ona görə də qanunlarda dəyişəcək bir çox elementlər var".
"Əsəd rejiminin konstitusiyasına əsasən, dövlət müqəddəs olsa da, insan dəyərsiz idi. Bu baxımdan, insan hüquq və azadlıqlarının qorunması yeni konstitusiya ilə təmin edilməlidir. Bu mənada yeni sənəddə ciddi dəyişiklik və transformasiyanın baş verəcəyi gözlənilir. Xüsusən də daxili məsələlərdə şəffaflıq və hesabatlılıq baxımından ciddi diferensiallaşma, inkişaf getməlidir. Başqa sözlə, konstitusiya şəffaf olmalı və dövlət idarəçilərinin hesabat verməsinə töhfə verəcək məhkəmə mexanizmi də yaranmalıdır. Hansı etnik kökə, dinə, ya da məzhəbə mənsub olmasından asılı olmayaraq, hər kəsin dövlət qarşısında bərabərliyi təməl prinsip kimi götürülməlidir. Hesab edirəm ki, konstitusiya bu mövzuda mütəxəssis olan insanlar tərəfindən dürüst şəkildə hazırlana bilər. Amma Əhməd Əş-Şaaranın dediyi kimi, bu, bir neçə il çəkə bilər", - deyə professor vurğulayıb.
Müsahibimiz əlavə edib ki, Suriyanın unitar dövlət quruluşunun təsbiti üçün konstitusiya hazırlığının tez bir zamanda tamamlanması lazımdır:
"Bundan əlavə, Suriyanın şimalında PKK və YPG-nin mövcudluğu, cənubunda isə druzlardan ibarət Əs-Suveyda, Adara və Kuneytirə bölgələrində elan edilən muxtariyyət və İsrailin nəzarəti, eləcə də Lazkiyə, Baniyas və Tartus bölgələrində etnik nüseyrilərin də muxtariyyət tələbi aradan qaldırılmalıdır. Dövlət olmayanda, səni xalq yox, böyük dövlətlər və imperialist qüvvələr idarə etməyə başlayır. Bu mənada, hesab edirəm ki, Suriyanın yeni konstitusiyası milli dövlət modelinə uyğun olaraq vahid ordu, vahid bayraq, vahid dövlət əsasında yazılmalı, lakin həm də hüquq və azadlıqlara, eləcə də demokratiyaya hörmət edən quruluşa əsaslanmalıdır".
Mərahim Nəsib
"Suriyada vəziyyət" teqi üzrə xəbərlər
- Türkiyə və Böyük Britaniya Suriya ilə bağlı siyasi məsləhətləşmələr aparacaq
- Suriya təhlükəsizlik qüvvələri Dəməşq ətrafında silahlılarla döyüşür
- "Haber Global"da Tramp administrasiyasının PKK ilə gələcək münasibətləri təhlil edilib
- Türkiyə Suriya ilə 13 il əvvəl dayandırılmış hava əlaqəsini bərpa edir
- Suriya hökuməti rəsmi fotolarda Berbokun üzünü həqiqətən bağlayıb?