Buradan Dağlıq Qarabağın erməni icmasına müraciət edirəm. 1992-ci ilə qədər Dağlıq Qarabağda yaşayan ermənilər orada öz yaşayışlarını davam etdirə bilərlər. Buna onların hüquqi baxımdan haqqı var. Çünki Azərbaycan vətəndaşlarıdır. Ancaq bunun üçün onlar Azərbaycan vətəndaşlığını rəsmi və hüquqi baxımdan qəbul etməlidirlər.
APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Şuşa rayon İcra Hakimiyyətinin başçısı, “Dağlıq Qarabağin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov verib.
O deyib ki, Dağlıq Qarabağın azərbaycanlı icması ilə birlikdə yaşamaq istəməyən və ölkə vətəndaşlığını qəbul etməyən ermənilər buradan köçə bilərlər:
“Çünki biz öz torpaqlarımıza qayıdacağıq. Dağlıq Qarabağın azərbaycanlı icması olaraq mövqeyimiz birdir. Biz öz doğma yurdumuza qayıtmalıyıq və ərazilərimiz Ermənistan Silahlı Qüvvələrinin işğalından xilas olmalıdır. Əlbəttə, hazırda işğal faktının sülh yolu ilə aradan qaldırılması istiqamətində danışıqlar gedir və Azərbaycan beynəlxalq normalarla bu problemi həll etmək istəyir. Əgər işğal faktı aradan qaldırılmazsa, Azərbaycanın indiki iqtisadi və hərbi imkanları ərazilərimizin azad olunmasına hər hansı bir məhdudiyyət yaratmır”.
www.apa.az
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin