Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Tbilisidə Qərbi Azərbaycana qayıdışla bağlı Gürcüstan Forumu keçirilib - FOTO
Azərbaycan Gənclər Fondunun dəstəyi, Azərbaycanın Gürcüstandakı Səfirliyinin rəsmi tərəfdaşlığı və Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Gürcüstanın paytaxtı Tbilisi şəhərində "Qərbi Azərbaycana qayıdış beynəlxalq müstəvidə - Gürcüstan Forumu" keçirilib.
Oxu.Az xəbər verir ki, Forum iştirakçıları əvvəlcə Tbilisinin mərkəzindəki Heydər Əliyev Parkında ucaldılan Azərbaycanın ümummilli liderinin abidəsini ziyarət edib. Onlar abidənin önünə əklil qoyub və gül dəstələri düzüblər. Ümummilli liderin xatirəsi dərin ehtiramla yad olunub.
Daha sonra Forum öz işinə başlayıb.
Forumun əvvəlində Qərbi Azərbaycanda ermənilər tərəfindən dağıdılan mədəni irsimizi əks etdirən foto sərgi nümayiş etdirilib.
Forum Azərbaycan Respublikasının və Gürcüstanın Dövlət Himnləri ilə başlayıb.
Eləcə də ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Forumu Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin sədri Toğrul Allahverdili açıq elan edib.
O, tədbir iştirakçılarını salamlayaraq onları Forumun mahiyyəti ilə bağlı məlumatlandırıb.
T.Allahverdili söyləyib ki, forumun əsas məqsədi Gürcüstanda yaşayan soydaşlarımız, eləcə də Qərbi Azərbaycandan olan soydaşlarımızla Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını müzakirə etmək, gürcü politoloqların, tarixçilərin məsələ ilə bağlı fikirlərini öyrənməkdir.
Tədbirdə Azərbaycan Respublikasının Gürcüstan Respublikasındakı Səfirliyinin müşaviri Eldar Bayramov Qərbi Azərbaycana qayıdışla bağlı danışıb. O, bunun həmin ərazilərdən didərgin düşən azərbaycanlıların haqqı olduğunu bildirib.
Müşavir çıxışında Cənubi Qafqazda yaşayan azərbaycanlıların və gürcülərin dövlətçilik tarixindən danışıb, ermənilərin bu bölgəyə sonradan köçürülmələrini sübut edən faktları tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktorunun müavini Orxan Ərəbov deyib ki, Qərbi Azərbaycan qayıdışla siyasi müstəvidə həyata keçirilən işlər təqdirəlayiqdir. O bildirib ki, bu gün Qərbi azərbaycanlılar öz doğma tarixi yurdlarına qayıdacaqları günü səbirsizliklə gözləyir. O.Ərəbov Prezident İlham Əliyevin siyasi qətiyyəti nəticəsində xalqımızın buna da nail olunacağını vurğulayıb.
Sonra Azərbaycan Milli Məclisinin deputatı, Qərbi Azərbaycan İcmasının üzvü Naqif Həmzəyev çıxış edib.
O söyləyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın erməni işğalından azad edildiyini, ölkəmizin ərazi bütövlüyünün tam təmin edildiyini diqqətə çatdırıb.
Bildirib ki, Azərbaycan daim sülhün və əmin-amanlığın tərəfdarı olub. Lakin bəzi separatçı qüvvələr regionda sülhü pozmağa çalışıblar və Azərbaycan, əslində, onların bu cəhdlərinin qarşısını alıb, regionda davamlı sülhün təmin olunması üçün bütün ilkin zəruri tədbirləri görüb. Bu tədbirlər Qərbi azərbaycanlıların öz torpaqlarına qayıtmaq ümidlərini artırıb və onlar inanırlar ki, bu gün heç də uzaqda deyil.
Deputat dost və qardaş Gürcüstanın və gürcü xalqının da regionda sülhün bərpa olunmasına çalışdığını qeyd edib. Bildirib ki, məhz Azərbaycan, Gürcüstan və Türkiyə birliyi nəticəsində buna nail olacağıq. KOBİA yanında İctimai Şuranın sədri, Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov Qərbi azərbaycanlıların doğma yurd-yuvalarına qayıtması onların öz mənəvi haqqı olduğunu bildirib.
Çıxışlardan sonra Forum iki hissəli panel müzakirələri ilə davam edib.
Birinci panel İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin Gürcüstan Tarixi İnstitutunun dosenti, professor Nikoloz Cavaxişvili moderatorluğu ilə keçirilib. Paneldə Gürcüstan Parlamentinin sabiq deputatı Ramiz Bəkirov, gürcü tarixşünas, professor Tengiz Malania və Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Huseyn Yusubov çıxış ediblər. Onlar "Cənubi Qafqazda sülh quruculuğu və separatizimə qarşı birgə fəaliyyət" mövzusunda müzakirələr aparıblar.
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aqil Ələsgərin moderatorluğu ilə "Gürcüstanın işğal olunmuş ərazilərindən və Qərbi Azərbaycandan məcburi deportasiya edilmiş şəxslərin geri dönüş prosesi" mövzusunda ikinci panel keçirilib.
Burada isə politoloq, Beynəlxalq Münasibətlər Akademiyasının rəhbəri, Gürcüstan-Azərbaycan Münasibətlərinin İnkişafı Fondunun baş direktoru Simon Kopadze, jurnalist Ceyhun Məhəmmədəli və Qarabağ qazisi-jurnalist Nahid Canbaxışlı çıxış ediblər.
Forum sual-cavab sessiyası ilə öz işinə yekun vurub.
Sonda isə ASAP-ın Gürcüstan nümayəndəsi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Nəsimi Sadıqlı tərəfindən Forum iştirakçıları adından beynəlxalq ictimaiyyətə çağırış və Forumunun yekunlarına dair bəyanat səsləndirilib.
Bəyanat beynəlxalq təşkilatlara və Gürcüstanda fəaliyyət göstərən diplomatik nümayəndəliklərə göndəriləcək. Forumda çıxış edən məruzəçilərə plaket və Qərbi Azərbaycanla bağlı xatirə hədiyyələri təqdim edilib.
"Milli Məclis" teqi üzrə xəbərlər
- "Ermənistan Qərb ölkələrinin təxribatlarında alət olmamalıdır" - RƏY
- Ruben Vardanyanın oğlu Azərbaycana qarşı kampaniyanı maliyyələşdirənlərdən olub - HESABAT
- COP29 ərəfəsində Azərbaycana qarşı təbliğat aparacaq veb-səhifələr yaradılıb - HESABAT
- Çoxdandır anons edilən reyestr ləngiyir, zərərçəkənlərin sayı isə artır - "Kaspi"nin ARAŞDIRMASI
- İki övladı olan şəxslərin hərbi xidmətə çağırılmaması təklif edilib