1 sentyabr parlament seçkisi ilə bağlı təşviqat kampaniyası davam edir. Namizədlərin seçicilərlə görüşləri haqqında ölkə mediasında məlumatlar dərc olunur.
Oxu.Az xəbər verir ki, ölkənin seçki mühitində xüsusi diqqət çəkən 70 saylı Neftçala seçki dairəsindən Vətəndaş Həmrəyliyi Partiyasının deputatlığa namizədi, VHP sədrinin müşaviri və Azərbaycan Türkiyə Evinin rəhbəri Tənzilə Rüstəmxanlının apardığı təşviqat kampaniyasıdır.
T.Rüstəmxanlının seçki qərargahından verilən məlumata görə, təşviqat kampaniyasının ilk on günündə 15 yaşayış məntəqəsində görüşlər keçirilib. Ümumilikdə, 30-a yaxın seçki məntəqəsini əhatə edən bu görüşlərdə seçicilərlə birbaşa ünsiyyət qurulub.
70 saylı Neftçala seçki dairəsində 49 məntəqə olduğunu nəzərə alsaq, demək olar ki, 10 gün ərzində dairənin böyük əksəriyyəti əhatə olunub. Bu statistika ölkə üzrə ən yüksək göstəricilərdən biri hesab edilə bilər.
Seçki qərargahından verilən məlumata görə, növbəti 10 gün üçün də təşviqat kampaniyasının iş planı hazırlanıb və kampaniya ərzində bütün kəndlərdə seçicilərlə görüşlərin keçiriləcəyi bildirilib.