Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Turan yolunda Şuşa zirvəsi - "Kaspi"nin MƏQALƏSİ
İyunun 17-də Azərbaycan və Türkiyə xarici işlər nazirləri Ceyhun Bayramov və Hakan Fidan Türk Dövlətləri Təşkilatı liderlərinin Şuşada keçiriləcək qeyri-rəsmi zirvə görüşünə dair hazırlıq məsələlərini müzakirə etdilər. Bu, Şuşa sammitinin reallığa çevrilməsinin rəsmi şəkildə təsdiqi deməkdir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zirvə görüşündə iştirakını artıq bəyan edib. Digər türk dövlətləri liderlərinin də Şuşaya gələcəkləri şübhə doğurmur. Həm Azərbaycanın II Qarabağ savaşındakı parlaq qələbəsindən sonra Türk dünyası daxilində intensivləşən inteqrasiya təmaslarının dinamikası, həm də qardaş ölkələrin rəhbərlərinin işğaldan azad edilmiş torpaqları ziyarət etmələri bunu əminliklə deməyə əsas verir. Türk dövlətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa və tikinti-quruculuq işlərində iştirak etmələri, yaxud bu prosesə həvəslə can atmaları onu göstərir ki, Qarabağ başda Şuşa olmaqla, Türk dünyasının mənəvi nüvəsi rolunu oynamağa başlayıb.
"Kaspi" qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik:
İşğaldan azad edilmiş ərazilər türk torpaqlarıdır
TDT-nin liderlərinin qeyri-formal görüşü Şuşada keçiriləcək ilk və son beynəlxalq əhəmiyyətli tədbir deyil. Şuşa son üç ildə siyasi, iqtisadi və mədəni əhəmiyyətli toplantı və görüşlər üçün fəal və əlverişli platformaya çevrilib. Ancaq türk dövlətləri başçılarının hamısının bir tədbirdə Şuşada bir araya gəlmələrinin bir simvolik, bəlkə də sakral əhəmiyyəti var: işğaldan azad edilmiş ərazilər türk torpaqları və Türk dünyasının ümumi dəyəridir. Buradan hasil olan ilkin nəticə budur ki, bu torpaqlar 30 il ərzində tək Azərbaycandan deyil, bütün türk aləmindən oğurlanmış, qəsb və talan edilmişdi. Şuşanın türk etnosunun məskunlaşdığı böyük coğrafi məkan üçün mənəvi mərkəz statusunu üzərinə götürməsi Azərbaycanın haqlı qələbəsini həzm edə bilməyənlər üçün geosiyasi ismarışdır: istənilən revanşist təxəyyülün qarşısında tək Azərbaycan deyil, bütün Türk dünyası duracaq.
Şuşanın xüsusi yeri və missiyası var
Azərbaycanın 44 günlük müharibədəki qələbəsi tək regional transmilli layihələr üçün deyil, həm də geniş arealda - Şərqlə Qərbin kəsişməsində yerləşən türk dövlətləri birliyinin daha da yaxından işbirliyinə girməsi üçün geosiyasi stimul rolunda çıxış etdi. Son üç il ərzində bu məkanda izlənən gəlişmələrə nəzər yetirdikdə, buna əmin olmaq mümkündür. Söhbət tək Azərbaycanın Türkiyə və ya Orta Asiya cümhuriyyətləri ilə təmaslarından getmir. Türkiyənin də Azərbaycan üzərindən Orta Asiya geosiyasi xəttini inkişaf etdirməsi bunu sübut edir. 44 günlük Vətən müharibəsi və onun nəticələri türk xalqlarının gəlmiş-keçmiş mütəfəkkirləri, fikir adamları, ədiblərinin müqəddəs arzusu olan vahid Turan məkanının reallaşması üçün açar rolunu oynayır və bu prosesdə Şuşanın xüsusi yeri və missiyası var.
Türk dünyasının iqtisadi mərkəzi
Prezident İlham Əliyevin Şuşa azad edildikdən sonra atdığı addımlar və həyata keçirdiyi tədbirlər Qarabağın tək ölkə daxilində deyil, həm də geosiyasi ölçüdə önəminin artacağından xəbər verirdi. Azərbaycan öz gücü və imkanları ilə 30 il Ermənistan tərəfindən talan edilmiş və dağıdılmış şəhər və kəndlərinin, sosial və iqtisadi infrastrukturunun bərpasını nəzərdə tutan layihələrə milyardlarla dollarlıq sərmayə yatırıb və bu proses davam edir. Bu, təbii ki, dünyanın diqqətini cəlb etməyə bilməz. Bu quruculuq işlərinə müxtəlif qabaqcıl ölkələrin aparıcı şirkətləri dəvət və cəlb olunublar. Həyata keçirilən və keçiriləcək iqtisadi layihələr qarşıdakı illərdə tək Azərbaycanın deyil, bütün regionun iqtisadi həyatında mühüm rol oynayacaq. Şərqi Zəngəzur özünün hava limanları, dəmir və avtomobil yolları ilə qlobal nəqliyyat dəhlizinin mühüm qovşağı rolunda çıxış edəcək. Davam edən və üfüqdə həlli görünməyən Rusiya-Ukrayna müharibəsi fonunda işğaldan azad edilmiş ərazilərimizin beynəlxalq əhəmiyyəti durmadan artır. Bütün bunlar beynəlxalq media və beyin mərkəzlərinin təsəvvüründə yalnız işğal bölgəsi, yaxud Ermənistan-Azərbaycan qarşıdurması prizmasından xatırlanan Qarabağın dünya üçün iqtisadi əhəmiyyətini xüsusilə qabardacaq.
Məhz bu faktor Qarabağ və Şərqi Zəngəzurun Türk dünyasının iqtisadi potensialı nöqteyi-nəzərindən mahiyyətini ortaya qoyur. Çünki burada gerçəkləşdirilən və ciddi potensialı gözlənilən transmilli layihələr qlobal anlamından əvvəl, həm də Türk dünyası üçün bir daxili iqtisadi faktor rolunda çıxış edir. Mühüm və həlledici siyasi qərarların məhz qeyri-formal görüşlərdə qəbul edildiyini nəzərə alsaq, TDT liderlərinin Şuşa zirvəsi mövcud iqtisadi təmasların daha da intensivləşməsi və yeni ideyalar, layihələrin həyata vəsiqə qazanması üçün bir təkan rolunu oynayacaq.
Birləşdirən Şuşa
Şuşa sammitini Azərbaycan və Türkiyə liderlərinin 2021-ci ilin 15 iyununda imzaladıqları "Şuşa Bəyannaməsi"nin məntiqi nəticəsi və siyasi davamı hesab etmək olar. Türkiyə və Azərbaycan Türk dünyasının inteqrasiyası prosesi ideyasının praktiki müstəvidə reallaşdırılmasının ən ardıcıl təmsilçiləridirlər. Türkiyə bu tarixi məkanın Qərbdəki cinahında yerləşir və özünün qlobal rolu, hərbi qüdrəti və siyasi çəkisi ilə Türk dünyası birliyinin geosiyasi reallıq olmasının dünyaya qəbul etdirilməsi prosesində mühüm rola və söz sahibliyinə malikdir. Azərbaycan özünün artan siyasi nüfuzu və iqtisadi çəkisi, oynadığı iqtisadi rolu ilə bu prosesə əlavə güc və rəng qatır. Orta Asiyanın türk dövlətləri Çinlə Qərb arasındakı logistik qovşağın sahibləridirlər və zəngin iqtisadi potensialları ilə ümumtürk məkanının bazisi rolunda çıxış edirlər. Bütün bunların siyasi amilə çevrilməsi qardaş dövlətlər arasında imzalanan və imzalanacaq hüquqi sənədlərlə tənzimlənir. "Şuşa Bəyannaməsi" bu hüquqi bazanın özülünü təşkil edir. Çünki tək siyasi deyil, həm də ən əsası, təhlükəsizlik faktoru olaraq çıxış edir. Türk dövlətləri rəhbərlərinin Şuşada bir araya gəlmələri sözügedən bəyannamənin tək Türkiyə ilə Azərbaycan arasındakı anlaşma deyil, eyni zamanda, geosiyasi vahid olaraq çıxış edən Türk dünyası tərəfindən qəbul edilməsinin göstəricisidir.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- İlham Əliyev Kəlbəcərin işğaldan azad edilməsinin dördüncü ildönümü münasibətilə paylaşım etdi
- Prezident İlham Əliyev: "COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir"
- Azərbaycanın COP29 Sədrliyinin növbəti uğuru: Bakıda tarixi QƏRAR!
- Bu xəbərləri qaçırmayın: 23.11.2024-ün ən mühüm hadisələri
- Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı FƏRMAN