Türk dövlətlərinin ayrıca hərbi birliyinin, Türk “NATO-sunun” yaradılması ideyası vaxtaşırı səsləndirilir. Bununla belə, hesab edirəm ki, hazırkı dövrdə bu tipli təşkilata, hərbi birliyə ehtiyac yoxdur.
Bunu Oxu.Az-a açıqlamasında parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, türk dövlətlərindən, konkret olaraq, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) üzvü olan dövlətlərdən biri NATO-da, biri isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) təmsil olunur:
“Belə olduğu təqdirdə, indi ayrıca bir hərbi blok yaratmaq, əslində, qarşıdurma mövqeyini seçmək deməkdir. Amma onlar, türk dövlətləri, TDƏŞ üzvləri qarşıdurma mövqeyini deyil, qarşılıqlı anlaşma, dünyada sülhün və təhlükəsizliyin bərqərar olunması mövqeyini seçiblər.
Türkiyə NATO-da, Qazaxıstan isə KTMT-də təmsil olunsalar da, qardaş və müttəfiq ölkələr kimi yüksək səviyyəli əlaqələrə malikdirlər. Hətta bu gün iki qurum arasında ciddi ziddiyyətlər olsa da, bu, həmin ölkələrin əməkdaşlığına mane olmur. Bunun müqabilində yeni hərbi birlik yaratmaq özü də həddindən artıq ağır və çox məsuliyyətli işdir.
Əgər belə bir hərbi birlik yaradılırsa, o zaman “kim bizimlə deyilsə, bizim düşmənimizdir” düşüncəsini yarada bilər ki, bu da olduqca təhlükəlidir. Odur ki, türk dövlətləri, TDƏŞ üzvləri daha çox siyasi-iqtisadi əməkdaşlığa, siyasi-iqtisadi əlaqələrə üstünlük verirlər”.
A.Mirzəzadə qeyd edib ki, bu gün TDƏŞ özü dünyanın nüfuzlu təşkilatlarından birinə çevrilib.
“Rusiya artıq burada Tatarıstanın rəhbəri ilə təmsil olunur, həmçinin, Macarıstan da bu qurumda təmsil olunmaq, onunla əməkdaşlıq etmək niyyətlərini ortaya qoyub. Son sammitdə də iştirak edib.
Odur ki, türk dövlətləri, TDƏŞ üzvü olan ölkələr öz siyasi, iqtisadi, mədəni əməkdaşlıqları ilə dünyada gedən proseslərə, siyasi gəlişmələrə müsbət töhfələrini verəcəklər”, - deyə millət vəkili əlavə edib.
Kamil HƏMZƏOĞLU
www.oxu.az