Qardaş ölkənin tanınmış nəşrləri Azərbaycan Prezidenti İlham Əliyevin erməni həmkarı Serj Sarkisyanın Türkiyə əleyhinə çıxışına kəskin reaksiyasını işıqlandırıb.
Oxu.Az Gün.Az-a istinadən xəbər verir ki, Türkiyənin “Cihan” İnformasiya Agentliyi, haberaktuel.com, pirsushaber.com və sair xəbər saytları Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun Çexiyanın paytaxtı Praqada təşkil olunan “Şərq Tərəfdaşlığı” Sammitinin gedişində Prezident İlham Əliyevin Ermənistan prezidenti S.Sarkisyanın Türkiyəyə qarşı çıxışını cavabsız buraxmamasına dair özünün Twitter səhifəsində paylaşdığı məlumata geniş yer ayırıblar.
N.Məmmədovun ictimailəşdirdiyi hadisəyə ciddi maraq göstərən Türkiyənin bir sıra elektron media resursları hadisəni “Prezident İlham Əliyev Sarkisyanın cavabını verdi”, “Əliyev Türkiyəni Ermənistandan müdafiə etdi” başlıqları ilə yayımlayıblar.
Xatırladaq ki, bu barədə ilk olaraq, Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün Twitter səhifəsində yazıb.
N.Məmmədovun paylaşdığı tvitə əsasən, Prezident İlham Əliyev Sarkisyana Türkiyənin sammitdə təmsil olunmamasından istifadə etdiyini deyib.
“Bilirsiniz ki, Türkiyə burada təmsil olunmur, istifadə edirsiniz. Amma mən buradayam, sizə cavab verirəm!” - Prezident bildirib.