Dünən Ukraynada hakimiyyət dəyişikliyinə və ölkənin siyasi kursunun dəyişməsinə, eləcə də, Krım və Donbasın ayrılmasına səbəb olan xalq çıxışlarının ildönümü qeyd edilib. Beş il bundan əvvəl baş verən və “Avromaydan” adlandırılan hadisələr hələ də mübahisələrə səbəb olur.
Rusiyameyilli qüvvələr hesab edirlər ki, Ukraynada baş verən çevriliş iki qardaş xalqı bir-birinə qarşı qoyub. Digər siyasi qüvvələr isə bunu müstəqillik və Avropaya inteqrasiya kimi qiymətləndirir.
Bundan əvvəl Oxu.Az-a verdiyi açıqlamasında urkaynalı politoloq Nataliya Belousun fikirlərinə görə, baş verənlər xalqın faciəsidir və ümumiyyətlə, Ukraynanın perspektivləri kifayət qədər qaranlıqdır.
Ukraynanın Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Pavel Jovnirenko isə başqa fikirdədir. O, müxbirimizlə söhbətində deyib ki, 2013-cü ilin noyabrında ukraynalılar sübut etdi ki, öz azadlığını müdafiə etməyə hazırdır.
“Struktursuz Maydanın bir funksiyası və imkanı var idi: “veto” hüququ və o, Yanukoviçi devirməklə bundan istifadə etdi”, - politoloq bildirib.
O hesab edir ki, Ukraynanın inkişafı üçün ideal ssenari böyük biznesin siyasətdən könüllü olaraq çıxarılmasıdır.
“Bunun üçün mübarizə aparmalıyıq və yalnız davamlı mübarizə istədiyimiz nəticəyə gətirəcək: ədalətli məhkəmə, məsuliyyətli iqtidar, korrupsiyasız, çiçəklənən ölkəmiz olacaq”, - müsahibimiz qeyd edib.
N.Q.
www.oxu.az