Gürcüstanla Avropa İttifaqı ilə assosiasiya barədə sazişin imzalanması Tbilisi və Bakı arasında ikitərəfli münasibətlərin inkişafına mane olmayacaq.
Oxu.Az Novosti-Qruzi-yə istinadən xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin spikeri David Usupaşvili bəyan edib.
“Gürcüstanla Avropa İttifaqı arasında assosiasiya barədə saziş imzalandıqdan sonra bir qədər hüquqi sahəmiz dəyişir, amma bu, heç bir halda qonşularımızla, Azərbaycanla münasibətlərimizə təsir göstərməyəcək. Yenə də biz bəzi detalları müzakirə etmək istərdik ki, hər iki tərəf bundan xeyir görsün”, Usupaşvili Bakıda jurnalistlərlə görüşdə bəyan edib.
Onun sözlərinə görə, Gürcüstan parlamentinin nümayəndə heyəti səfər zamanı Azərbaycan rəhbərliyi ilə bir sıra görüşlər keçirəcək.
“Biz ölkə rəhbərliyi ilə görüşəcəyik. Bu görüşlər zamanı ikitərəfli əməkdaşlığa dair məsələlərin geniş spektrini müzakirə edəcəyik”, - spiker Azərbaycan və Gürcüstan arasında ikitərəfli münasibətlərin əsas məsələlərində qarşılıqlı anlayışın olduğunu qeyd edib.
Spikerin sözlərinə görə, görüşlərdə iqtisadi və hüquqi məsələlərə də toxunulacaq.