Azərbaycanda daşınmaz əmlakın sığortasına maraq artıb.
Oxu.Az xəbər verir ki, əhalinin sığortaya marağı ilə bağlı Fins.az-ın suallarına “Standard Insurance” sığorta şirkətinin idarə heyətinin sədri Aydın Rəhmanov cavab verir:
- Azərbaycanda ilin əvvəlindən avtomobil kreditlərinin məhdudlaşdırılması şirkətin kasko sığortasından daxilolmalarına necə təsir göstərib?
- Bu məsələnin “Standard İnsurance”ın yığımlarına ciddi təsiri olmadı. Çünki avtokreditlərin hesabına daxilolmalar bizim yığımlarda təxminən 20%-lik paya malik idi. Üstəlik, həmin vaxtlarda bankın iştirakı olmadan avtomobil sığortası sürətlə inkişaf edirdi. Buna görə də, 2-3 ay müvəqqəti çətinliklər oldu, hazırda kasko sığortasından yığımlarımızın aylıq səviyyəsi demək olar ki, avtokreditlərin məhdudlaşdırılmasından əvvəlki dövrlə eynidir. Doğrudur, yığımların səviyyəsi bütün aylarda eyni olmur, amma düşünürəm ki, ilin yekununda azı ötən ilki həddə nail olacağıq.
- “Standard Insurance” bazara yeni sığorta məhsullarının çıxarılmasını planlaşdırırmı?
- Yeni ideyalarımız var. Bazarda indiyə qədər mövcud olmamış sığorta məhsulu üzərində işləyirik. Söhbət kasko sığortasının keyfiyyət baxımından yeni, daha kütləvi şəkildə realizə olunacaq formada təqdim edilməsindən gedir. Bununla yanaşı, hesab edirəm ki, məsuliyyət və əmlak sığortalarının da inkişaf etdirilməsinə ehtiyac var. Çünki bazarın potensialının 70-80%-i məhz adını çəkdiyim sığorta növlərində cəmləşib və həmin potensialdan istifadə olunmur.
- Azərbaycanda əmlak sığortası da daxil olmaqla bütün sığorta növlərini əhaliyə münasib qiymətə təklif etmək üçün dövlətin dəstəyinə ehtiyac varmı? Vergi güzəştləri və s. kimi.
- Məncə sığorta şirkətləri özləri çalışıb sığortanın qiymətini əhalinin bütün təbəqələrinə uyğunlaşdırmalıdırlar. Bununla yanaşı, geniş təbliğat işlərinin aparılmasına da ehtiyac var. Bu məqsədlə Maliyyə Nazirliyi, Azərbaycan Sığortaçılar Assosiasiyası əlindən gələni edir. Şirkətlər də lazımi təbliğat işləri aparmalıdır ki, sığorta barədə hər kəsin kifayət qədər məlumatı olsun, sığorta insanların sosial-iqtisadi həyatının ayrılmaz hissəsinə çevrilsin.
Sadə bir misal, Bakıda daşınmaz əmlakın sığortası regionlarla müqayisədə geniş yayılıb, çünki regionlarda yaşayan insanların sığorta barədə təsəvvürləri zəifdir. Sığortanın inkişaf etməsi üçün şirkətlərin öz öhdəliklərini yüksək səviyyədə əmək etməsi də vacibdir. Yəni sığortalananlar bizim şüarımızda olduğu kimi sığortanın həqiqətən onları qoruduğunu görsünlər.
- Azərbaycanda icbari sığorta nə dərəcədə sərfəlidir? Bu sahədə zərərlilik təhlükəli həddə çata bilərmi?
- Hazırda icbari sığorta növləri ilə bağlı hər şey öz qaydasındadır. Zərərliliyinə gəlincə isə “Standard İnsurance” də daxil olmaqla bizim sığorta şirkətləri kifayət qədər təcrübəlidir, qonşu ölkələrdə icbari sığorta ilə bağlı baş verən proseslər izlənilir, məncə təhlükənin qarşısını bəri başdan almaq mümkün olacaq. Ümumiyyətlə, icbari sığorta növləri hər şeydən əvvəl sığortanın inkişaf etdirilməsi, əhali arasında sığorta şirkətlərinə inamın möhkəmləndirilməsi üçün lazımdır. Sığortaçılar bundan istifadə edib könüllü sığorta növlərini inkişaf etdirə bilərlər.
- Bölgələrdə baş verən təbii fəlakətlərdən sonra sığortaya maraq artıbmı?
- Daşınmaz əmlakın sığortasına maraq artıb. Bu, əsasən əhalinin öz təcrübəsindən irəli gəlir. Əgər hansısa kənddə sığorta şirkətindən kimsə bəhrələnibsə, onda başqaları da sığortalanırlar. Bundan başqa, son vaxtlar qanunvericiliyə marağın artması hiss olunur. İnsanlar tədricən başa düşür ki, daşınmaz əmlakın sığortası icbaridir, bunu etməlidirlər.