Ermənistan hakimiyyəti avqustun 8-də Vaşinqtonda sülh sazişinin paraflanmasından sonra Azərbaycanla nizamlanma prosesini müsbət qiymətləndirir.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan bildirib.
Kostanyan vurğulayıb edib ki, Ermənistan dinc və sabit Cənubi Qafqaz yaratmaq imkanı əldə edib və bu prosesə başlayıb.
"Biz bütün regional kommunikasiyaların blokadadan çıxarılması imkanı əldə etdik, bu barədə amerikalı tərəfdaşlarımızla müzakirələr aparılır. Ümid edirik və əminik ki, proses müsbət istiqamətdə inkişaf edəcək. Ümumilikdə avqustun 8-də Vaşinqtonda keçirilən görüşdən sonra müşahidə etdiyimiz dinamikanı müsbət qiymətləndiririk", - Kostanyan qeyd edib.
O, əmin edib ki, Ağ Evdə görüşdən sonra verilən bəyanatlar regionun sabit və dinc dövrə daxil olmasını göstərir.
Nazir müavini İrəvanın ən qısa müddətdə Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan edib.
Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla üçtərəfli görüşün yekunlarına əsasən Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev Bakı və İrəvan arasında sülh nizamlanması və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat kommunikasiyasının yaradılması haqqında birgə bəyannamə imzalayıblar. Bu layihə "Tramp marşrutu" (TRIPP) adını alıb.