Milli Məclis vətəndaşların qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydasının elektronlaşdırılmasını üçüncü oxunuşda qəbul edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında", "İctimai iştirakçılıq haqqında" və "Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında" qanunlara dəyişikliklər parlamentin növbədənkənar sessiyasının bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Belə ki, müvafiq subyektlər tərəfindən həyata keçirilən bir sıra hərəkətlərin (ictimai dinləmənin və ictimai müzakirənin təşkili və keçirilmə tarixi barədə məlumatlandırılma, ictimai şuraya namizədlərin irəli sürülməsi, onların qeydiyyatının başlanması və başa çatması vaxtı, ictimai dinləmənin və ictimai müzakirənin keçirilməsi barədə elan), habelə Milli Məclis Aparatında qeydiyyata alınmış qanun layihələri ilə bağlı əlaqəli məlumatların Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə açıqlanmasının təmin edilməsi nəzərdə tutulur.
"Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında" Qanuna əsasən, qanunvericilik təşəbbüsü hüququndan istifadənin elektron qaydada təşkili zamanı yaranan prosedurların EHİS vasitəsilə də həyata keçirilməsinin (sənədlərin və məlumatların Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi, təşəbbüs qrupu sədrinin EHİS-dəki elektron kabinetindən istifadə, elektron poçt və ya SMS vasitəsilə məlumatlandırılma və s.) hüquqi əsaslarını müəyyən edir.
Təklif edilən dəyişikliklərin qanunvericilikdə mövcud olan hazırkı prosedurların həyata keçirilməsində vaxt itkisinin qarşısının azaldılmasına, şəffaflığa və vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edəcəyi bildirilir.
Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq son oxunuşda qəbul edilib.