Bu gün Macarıstanın Azərbaycandakı səfirliyində millət vəkili, Milli Məclisin (MM) Azərbaycan-Macarıstan parlamentlərarası Dostluq Qrupunun rəhbəri Xanhüseyn Kazımlıya Macarıstan dövlətinin ordeninin təqdim olunması mərasimi keçirilib.
Oxu.Az-ın xəbərinə görə, tədbirdə millət vəkilləri, ziyalılar, səfirlik əməkdaşları və media mənsubları iştirak ediblər.
Macarıstanın Azərbaycandakı səfiri Viktor Sederkenyi bildirib ki, son illər Macarıstanla Azərbaycan arasında münasibətlər sürətlə və yüksək səviyyədə inkişaf etməkdədir.
O, münasibətlərin belə bir inkişaf səviyyəsinə yüksəlməsində hər iki ölkənin prezidentlərinin böyük rolu və xidmətləri olduğunu deyib. Eyni zamanda, əlavə edib ki, münasibətlərin inkişafında parlamentlərin və parlamentarilərin rolu danılmazdır:
“Cənab Xanhüseyn Kazımlı 2011-ci ildən Milli Məclisin Macarıstanla Dostluq Qrupunun rəhbəridir. Qeyd edim ki, Macarıstan-Azərbaycan münasibətlərinin belə bir yüksək səviyyəyə çatmasında onun da böyük rolu olub və bu səbəbdən Macarıstan prezidenti Yanoş Ader iki ölkə arasında əlaqələrin inkişafındakı xidmətlərinə görə Xanhüseyn Kazımlını yüksək dövlət ördeni - Macarıstanın Zabitlər Xaçı ləyaqət ordeni ilə təltif edib”.
Səfir çıxışını bitirdikdən sonra ordeni X.Kazımlıya təqdim edib.
X. Kazımlı belə bir yüksək təltifə görə Macarıstan prezidentinə, o cümlədən, səfirə minnətdarlğını bildirib:
“Hər iki ölkənin prezidentinə minnətdarlığımı, təşəkkürlərimi bildirirəm. Onların sayəsində iki ölkə arasındakı münasibətlər çox yüksək səviyyədə inkişaf etməkdədir”.
Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deputat həmkarını Macarıstan dövləti tərəfindən ordenlə təltif edilməsi münasibətilə təbrik edib və onun iki ölkə arasında münasibətlərin inkişafında xidmətləri olduğunu vurğulayıb.
Xatırladıb ki, X.Kazımlı ikinci millət vəkilidir ki, belə bir yüksək mükafata layiq görülür:
“Mən özüm də bir neçə il öncə belə bir ordenlə təltif edilmişəm və bununla fəxr edirəm”.
Kamil HƏMZƏOĞLU
www.oxu.az