Cinayət və Cinayət-Prosessual məcəllələrində və "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanununda dəyişiklik edilib.
Oxu.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.
Dəyişikliklə xarici valyuta vəsaitlərini geri qaytarmamağa görə sanksiyalar ləğv edilib.
Belə ki, iqtisadi fəaliyyət sahəsində olan bəzi cinayətləri (qanunsuz sahibkarlıq, yalançı sahibkarlıq, rəqabəti məhdudlaşdırma və s.) törətmiş və cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəmiş və ya cinayət nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürmüş şəxslər, bundan əlavə vurulmuş ziyanın (əldə edilmiş gəlirin) artıq bir misli yox, əlli faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad ediləcəklər.
Həmçinin sənədə görə, artıq qanunsuz olaraq kredit almaq, rüsumlardan azad olmaq və ya digər əmlak mənfəəti əldə etmək, yaxud qadağan edilmiş fəaliyyəti gizlətmək məqsədi ilə sahibkarlıq fəaliyyətini həyata keçirmək niyyəti olmadan hüquqi şəxs yaratmadan fiziki şəxs kimi vergi uçotuna alınması, habelə qeyd edilən məqsədlə hüquqi şəxsin və ya vergi uçotuna alınmış fiziki şəxsin fəaliyyətinin faktiki idarə edilməsi də yalançı sahibkarlıq (Cinayət Məcəlləsinin 193-cü maddəsi) hesab ediləcək.
Bundan başqa, yeni qanunda adıçəkilən məcəllənin "Xarici valyuta vəsaitlərini xaricdən qaytarmama" adlı 208-ci maddəsi ləğv edilib. Buna uyğun olaraq, Cinayət-Prosessual Məcəllənin 215 və 467-13-cü maddələrində Cinayət Məcəlləsinin 208-ci maddəsinə olunan istinadlar ləğv edilib.
Texnoloji yeniliklərə uyğun olaraq, Məcəllənin 244-1.2.2-ci maddəsi yeni redaksiyada verilib. Belə ki, maddədə qumar oyunlarının təşkili və ya keçirilməsinin virtual formada, o cümlədən internet şəbəkəsindən, mobil rabitə şəbəkəsindən, sosial şəbəkə platformalarından, digər elektron rabitə vasitələrindən, habelə internet və mobil telekommunikasiya tətbiqlərindən və ya digər texnologiyalara əsaslanan platformalardan istifadə edilməklə törədilməsi halları da nəzərə alınacaq.
244-1.2 maddənin hazırda qüvvədə olan sanksiyasında cərimənin məbləği konkret aralıqda (on min manatdan on beş min manatadək) nəzərdə tutulduğu halda, yeni qanuna əsasən, cərimə cinayət nəticəsində əldə edilmiş gəlirin iki mislinədək miqdarda müəyyən ediləcək. Həmçinin, qumar oyunlarının təşkili və ya keçirilməsi, habelə qumar oyunlarının keçirilməsi üçün yer təşkiletmə və ya saxlama əməlinin təkrar törədildiyi, yetkinlik yaşına çatmayanların qumar oyunlarında iştirakına yol verməklə törədildiyi, xeyli, külli, xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildiyi və s. hallar üçün cəzalar sərtləşdirilib.
Bundan başqa, dövlətimizin başçısı yeni qanunun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə fərman imzalayıb.