"Mançester Siti" karyerasını "Real Madrid"də davam etdirməyə yaxın olan İspaniya millisinin yarımmüdafiəçisi Rodriyə əvəzləyici tapıb.
Oxu.Az xəbər verir ki, bu barədə idman jurnalisti Nikolo Skira özünün "X" hesabında məlumat paylaşıb.
Məlumata görə, Fransanın "Lill" klubunun mərakeşli oyunçusu Əyyub Buaddi "şəhərlilər"in sıralarına qoşulmaq üzrədir. Artıq tərəflər 2031-ci ilin yayına qədər nəzərdə tutulan müqavilənin şəxsi şərtləri üzrə razılıq əldə ediblər.
Daha əvvəl mediada yayılan xəbərlərdə Fransa təmsilçisinin 18 yaşlı gənc istedadın mümkün transferindən 100 milyon dollar gəlir əldə etmək istədiyi bildirilirdi.
Digər tərəfdən, Rodrinin Madrid klubuna keçid üçün öz razılığını verdiyi bildirilir.
Geridə qalan mövsümdə Buaddi klub səviyyəsində bütün turnirlər daxil olmaqla 42 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Oyunçunun hazırkı klubu ilə rəsmi müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. "Transfermarkt" portalının təqdim etdiyi məlumata əsasən, futbolçunun hazırkı bazar dəyəri 80 milyon dollar olaraq qiymətləndirilir. DÇ-2026-da gənc futbolçu komandasının heyətində beş görüşdə iştirak etsə də, məhsuldar hərəkətlə fərqlənə bilməyib.