Baku TV-nin "Global Panorama" verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişin budəfəki sayında Xəzər dənizinin hüquqi statusundan bəhs olunub.
Qeyd olunub ki, dünyanın ən böyük qapalı su hövzəsi sayılan Xəzər Azərbaycanla yanaşı, Rusiya, İran, Qazaxıstan və Türkmənistanla əhatə olunub:
"Onun dəniz və yaxud göl olması, hüquqi statusu uzun illərdir ki, müzakirə və mübahisə mövzusudur. Buna səbəb isə dənizin neft və qazla, eləcə də nadir balıq növləri ilə zəngin olmasıdır. Bu təbii ehtiyatlar hər bir Xəzəryanı ölkənin iqtisadiyyatında mühüm rol oynayır. Odur ki region ölkələri bu dənizdə bacardıqca daha çox resursa nəzarət etməyə, belə demək mümkündürsə, Xəzərdən daha çox pay almağa çalışırlar".
Vurğulanıb ki, SSRİ-nin dağılmasına qədər Xəzərin statusu ilə bağlı məsələ elə də aktual olmayıb: "Çünki Rusiya və İran 1921-ci və 1940-cı illərdə öz aralarında imzaladıqları "Ticarət və dənizçilik haqqında" Müqaviləyə əsaslanaraq, dənizi özlərinin daxili su hövzəsi hesab edirdi və beynəlxalq birlik də bunu belə qəbul edirdi".
Əlavə olunub ki, 1991-ci ildən isə vəziyyət dəyişib. Azərbaycan, Qazaxıstan və Türkmənistanın müstəqillik qazanması ilə meydana yeni oyunçular çıxıb:
"Əgər Rusiya və İran Xəzəri göl kimi qəbul edərək onun həm su hövzəsinin, həm də təbii ehtiyatlarının ümumi mülkiyyət olduğu fikrini müdafiə edirdisə, digər ölkələr Xəzəri dəniz kimi qəbul edərək burada beynəlxalq dəniz hüququ prinsiplərinin tətbiq olunmasını təklif edib. Bu yanaşmaya əsasən, hər bir ölkə sahilyanı sularında olan resurslardan müstəqil şəkildə istifadə edə bilər".
Ətraflı videoda:
Baku TV-nin "Global Panorama" verilişinin yeni buraxılışı yayımlanıb.