Azərbaycana səfərimizin məqsədi Milli Məclisin sədri Oqtay Əsədovla görüşmək və İran parlamentinin spikeri Əli Laricaninin dostluq mesajını çatdırmaqdır. Görüşlərdə ikitərəfli, regional və beynəlxalq məsələlər üzrə müzakirələr aparılıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan İran parlament nümayəndə heyətinin başçısı, İran İslam Şurası Məclisinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Cavad Cahangirzadə keçirdiyi mətbuat konfransında deyib.
C.Cahangirzadə qeyd edib ki, görüşlərdə Dağlıq Qarabağ məsələsi də müzakirə predmeti olub:
“İran bu məsələyə həssas yanaşır. İranın fikrincə, regional problemlərin həllində hər bir kənar müdaxilə qəbuledilməzdir. ATƏT-in Minsk Qrupu yaradılanda İran bildirmişdi ki, bu qrupun tərkibi münaqişənin həlli üçün əlverişli deyil. İran münaqişənin həllində hər cür vasitəçilik etməyə hazırdır”.
İranlı deputat əlavə edib ki, Bakıda keçirdikləri görüşlərdə Xocalı soyqırımından da danışıldı:
“Qərara alındı ki, iki ölkənin dostluq qrupları müştərək məktub yazaraq İran parlamentinə təqdim etsinlər və orada şəhidlərə münasibət bildirilsin. İran öz müstəqilliyini qorumaq üçün çoxlu şəhidlər verib. Şəhidlər Xiyabanını ziyarət edərkən biz sizin hissləri keçirdik”.