"Texnologiyanın əlçatan imkanlarından maksimum şəkildə faydalanmaq istəyirik".
Oxu.Az xəbər verir ki, bunu Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov WUF13 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Urbisiddən Dirçəlişə: Azərbaycanın azad edilmiş ərazilərində dayanıqlı yenidənqurma, məskunlaşma və inkişaf" adlı tədbirdə deyib.
O bildirib ki, məqsəd mövcud olan bütün imkanlardan ən yaxşı şəkildə istifadə etməkdir. Layihələrin daha az xərcli, ən yüksək keyfiyyətli olması və mümkün qədər qısa müddətdə həyata keçirilməsi prioritetdir:
"Digər vacib məqam isə insanların proseslərdə roludur. Siz ideal bir layihə hazırlaya, çox mükəmməl, müasir və cəlbedici görünən bir proyekt həyata keçirə bilərsiniz. Ancaq sonda həmin layihədən istifadə edəcək insanlar, orada yaşayacaq sakinlər dinlənilmirsə, onların fikirləri nəzərə alınmırsa və prosesin fəal iştirakçısına çevrilmirsə, belə bir layihə nə faydalı olacaq, nə də dayanıqlı".
Emin Hüseynov yenidənqurma və bərpa prosesində qarşılaşdıqları çətinliklərdən də bəhs edib:
"Əsas problemləri qısa şəkildə ümumiləşdirməli olsam, birinci və ən fundamental problem minaların təmizlənməsi idi.
Məsələn, Ağdama elektrik xəttini çatdırmaq üçün cəmi 20 metr enində bir dəhlizin açılması bir il vaxt apardı. Bildiyiniz kimi, elektrik hər şeyin başlanğıcıdır, bütün infrastrukturun əsasını təşkil edir. Buna görə də bu məsələ son dərəcə vacib idi.
İkinci böyük problem isə əsas infrastrukturun tamamilə məhv edilmiş vəziyyətdə olması idi. Təəssüf ki, gördüyümüz vandalizm yalnız binalarla məhdudlaşmırdı. Dağıntılar yerüstü obyektlərlə bitmirdi. Hər şey yeraltından başlayırdı. Bütün borular, kommunikasiya xətləri və digər infrastruktur elementləri dağıdılmışdı.
Bunların yenidən qurulması çox vaxt və böyük səylər tələb etdi, çünki bunlar hər bir yaşayış məntəqəsinin əsasını təşkil edir.
Beləliklə, ən mühüm iki çətinlik məhz bunlar idi".