Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Yalçın Rəfiyev: "Azərbaycan hazırda dünyada mina çirklənməsindən ən çox əziyyət çəkən ölkələrdəndir"
"Azərbaycanın azad edilmiş ərazilərində hələ də ən böyük problem minalarla bağlıdır".
Oxu.Az "Report"a istinadla xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi (2026-2030-cu illər) üzrə "Yüksəksəviyyəli Strateji Prioritetləşdirmə" tədbirində bildirib.
"Azərbaycan davamlı rəqabət qabiliyyətli və inkluziv iqtisadiyyatın qurulmasına, yaşıl iqtisadiyyatın təkamül edilməsinə, sosial rifahın yüksəldilməsinə və gələcək naminə uzunmüddətli dayanıqlılığın təmin edilməsinə yönəlmiş bir yol xəritəsinə malikdir. Bu istiqamətdə sürətlə irəliləməyimizə baxmayaraq, uzun müddət işğal altına qalmış ərazilərimizdə mina probleminin mövcudluğu hələ də ən böyük maneələrdən biri olaraq qalır", - deyə o qeyd edib.
Y.Rəfiyev vurğulayıb ki, Azərbaycan hazırda dünyada mina çirklənməsindən ən çox əziyyət çəkən ölkələrdəndir:
"Biz azad edilmiş ərazilərdə sabit, təhlükəsiz və rifah dolu gələcək qurmaq üçün 18-ci Dayanıqlı İnkişaf Məqsədini təşəbbüs olaraq irəli sürməklə bu sahəyə xüsusi diqqət ayırmağın əhəmiyyətini vurğulayırıq".
Nazir müavini Azərbaycan qarşıdakı illər üçün müəyyənləşdiriləcək hədəflərin uğurla həyata keçirilməsində tərəfdaşlarla əməkdaşlığı dərinləşdirməyə və hərtərəfli dəstək göstərməyə hazır olduğunu da deyib.
"Ancaq bir məqamı xüsusilə vurğulamaq lazımdır ki, inkişaf ehtiyaclarını və BMT ilə əməkdaşlığın çərçivə hüquqlarını müəyyən etmək dövlətin müstəsna səlahiyyətində olan məsələdir. Ümid edirik ki, yeni çərçivə sənədi həm mövcud reallıqları, həm son 5 il ərzində Azərbaycanın əldə etdiyi inkişaf göstəricilərini, onun hazırkı beynəlxalq mövqeyini, həm də dövlətin və hökumətin gözləntilərini əhatə edəcək şəkildə hazırlanacaq", - deyə o vurğulayıb.
Onun sözlərinə görə, BMT Azərbaycanın dayanıqlı inkişafı üzrə əməkdaşlıq çərçivəsinin tərkib hissəsinə çevrilməklə, yaşıl iqtisadiyyatın genişləndirilməsi və sosial inklüzivliyin təmin edilməsi istiqamətində konkret nəticələrə nail olmağı hədəfləyir:
"İnanıram ki, BMT və digər beynəlxalq tərəfdaşlarla koordinasiya şəraitində, "heç kimin geridə qalmaması" prinsipi əsasında daha ədalətli, sabit və inkişaf yönlü bir cəmiyyətin əsasını möhkəmləndirə biləcəyik".
Y.Rəfiyev deyib ki, Azərbaycan çoxşaxəli diplomatiyanın gücünə inanan dövlətdir:
"Ötən il keçirilən COP29 iqlim konfransının nəticələri bir daha göstərib ki, bütün mövcud qlobal çağırışlara və çətinliklərə baxmayaraq, real nəticələr əldə etmək mümkündür. Bu çərçivədə Azərbaycan BMT ilə əməkdaşlığa xüsusi önəm verir".
"Birləşmiş Millətlər Təşkilatı (BMT)" teqi üzrə xəbərlər
- Azərbaycanın BMT ilə yeni Çərçivə Sənədinin istiqamətləri açıqlanıb
- Səməd Bəşirli: "Son illər BMT ilə birlikdə 142 milyon dollarlıq layihələr icra edilib"
- BMT Trampın qərarına görə humanitar missiyaları azaldır
- Azərbaycanın BMT-dəki nümayəndəsi Ermənistanın cinayətlərindən bəhs edib
- BMT-yə ABŞ-nin Paris iqlim sazişindən çıxması ilə bağlı bildiriş daxil olub