Yaxın Şərqdə gərginlik yenidən artır. İsrailin Beyrutun cənubuna endirdiyi zərbələrdən sonra İran İsrailə raket hücumları ilə cavab verib. Bunun ardınca İsrail ordusu İranın qərb və mərkəzi bölgələrində yerləşən hərbi hədəflərə zərbələr endirdiyini açıqlayıb. Beləliklə, aprel ayında əldə olunan kövrək atəşkəsdən sonra İran və İsrail arasında birbaşa qarşıdurma yenidən təhlükəli mərhələyə keçib.
Oxu.Az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında məlumat verilib.
Bildirilir ki, hadisələrin başlanğıc nöqtəsi bu dəfə Livan istiqaməti olub. İsrail ordusu Beyrutun cənub ətrafında, "Hizbullah"ın əsas dayaq məntəqələrindən biri hesab edilən Dahiye bölgəsindəki hədəfləri vurduğunu bəyan edib. İsrail tərəfi bunu "Hizbullah"ın ölkə ərazisinə hücumlarına cavab kimi təqdim edir.
Livan mənbələri isə hücum nəticəsində ölən və yaralananların olduğunu açıqlayıblar.
Tehran hadisəni "qırmızı xətlərin keçilməsi" kimi qiymətləndirərək İsrailə raket zərbələri endirib. İranın bu addımı qarşıdurmanın artıq dolayı qüvvələr vasitəsilə deyil, birbaşa dövlətlərarası müstəviyə keçə biləcəyini göstərir.
Əslində, ABŞ-nin vasitəçiliyi ilə İsrail və Livan arasında gərginliyin azaldılması üçün müxtəlif mexanizmlər müzakirə olunurdu. Lakin "Hizbullah" İsrailin Livan ərazisindən tam çıxmasını tələb edərək yeni atəşkəs planını rədd etmişdi. Bu baxımdan, İsrailin Beyruta endirdiyi zərbələr diplomatik prosesə vurulan ciddi zərbə kimi qiymətləndirilir.
Politoloq Telman Nüsrətoğlu məsələni belə şərh edib:
"İran-İsrail qarşıdurmasının teopolitik əsasları ilə yanaşı, bunun Yaxın Şərqdə güc və nüfuz uğrunda gedən mübarizənin bir hissəsi olduğunu da qeyd etmək lazımdır. Tərəflər regionda daha üstün mövqelər əldə etməyə çalışırlar".